AZ

ABŞ-ın Cənubi Qafqaz planı - regional inteqrasiya və Rusiyanın sıxışdırılması

Vaşinqtonun vasitəçiliyi ilə 8 avqustda Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında paraflanmış sülh sazişi Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsi ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən “Atlantic Council”ın analitik mərkəzində yayımlanan məqalədə bildirilir.

Məqalənin müəllifləri – BMT nümayəndəsi Şeyla Paylan və Yorktaun İnstitutunun “Turan” tədqiqat mərkəzinin direktoru Cozef Epşteyn qeyd edirlər ki, tərəflər yalnız ilkin razılaşmaya imza atmaqla kifayətlənməyib, həm də “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) adlı yeni dəhlizin yaradılması barədə birgə bəyanat qəbul ediblər. Bu 25 millik dəhliz Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə regionda böyük siyasi və iqtisadi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Müəlliflərin fikrincə, əldə edilən razılaşma Azərbaycan, Ermənistan və ABŞ üçün mühüm qələbədir, lakin ən böyük məğlub mövqeyə Rusiya düşüb. ABŞ prezidenti Donald Trampın administrasiyası uzun illər qanlı münaqişə doğuran danışıqlarda incə balansı qorumaqla “arbitrlik” missiyasını uğurla yerinə yetirib. Bununla yanaşı, Moskvanın öz qonşularının suverenliyini nəzərə almaması və strateji səhvləri də bu diplomatik irəliləyişə zəmin yaradıb.

Paylan və Epşteyn yazırlar ki, ABŞ bu nailiyyəti möhkəmləndirmək üçün Ermənistanın regional inteqrasiyasına dəstək verməli, TRIPP layihəsini tezliklə həyata keçirməli və region ölkələri ilə əməkdaşlığı dərinləşdirməlidir. Belə addımlar Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədər və Moskvanın uzun illər ərzində imperiya düşüncəsi ilə yönəltdiyi siyasəti neytrallaşdırar.

Məqalədə xatırladılır ki, Ermənistan onilliklər boyu təhlükəsizliyini Rusiyaya həvalə edib, KTMT çərçivəsində Moskvanın hərbi müttəfiqi kimi fəaliyyət göstərib. Lakin 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə baş verən toqquşmalar zamanı Rusiyanın hərbi dəstəyi gəlməyib, 2023-cü ildə isə Qarabağ üzərində Bakının nəzarəti bərqərar olunarkən rus sülhməramlıları prosesə müdaxilə etməyiblər. Bu hadisələr İrəvanı Moskvanın “etibarlı müttəfiq” imicini ciddi şəkildə sorğulamağa vadar edib.

Müəlliflər vurğulayırlar ki, Qafqaz Moskva üçün təkcə emosional yox, həm də strateji əhəmiyyət daşıyır. Xəzər hövzəsi zəngin enerji resursları ilə yanaşı, Asiyadan Avropaya uzanan və Rusiyanı, eləcə də İranı kənarda qoyan “Orta Dəhliz” tranzit yolunu ehtiva edir. Bu yol xüsusilə nadir torpaq elementləri və strateji minerallara qlobal tələbat artdıqca əhəmiyyət qazanacaq.

Yazıda qeyd olunur ki, Rusiyanın Gürcüstanda separatçı rejimləri dəstəkləməsi, 2008-ci ildə bu ölkəyə hərbi müdaxilə etməsi və Ermənistanla Azərbaycanı balanslaşdırmaq adı altında silah satışı və siyasi təzyiqləri məhz regionu nəzarətdə saxlamağa xidmət edib. Lakin hazırkı mərhələdə ABŞ-ın təşəbbüsləri Moskvanın imkanlarını daraldır.

Müəlliflərə görə, sülhün davamlı olması üçün təkcə TRIPP dəhlizinin inşası kifayət deyil. Ermənistan üzərindən Azərbaycan və Türkiyəyə yeni avtomobil və dəmir yolu əlaqələrinin qurulması regionu qlobal ticarətə qaytara bilər. Bu əlaqələrin Mərkəzi Asiyaya qədər genişlənməsi isə “Orta Dəhliz”i gücləndirərək Rusiyanı kənarda qoyar, qlobal təchizat zəncirlərini təhlükəsiz edər və müasir texnologiyalar üçün həyati əhəmiyyət daşıyan nadir elementlərin istifadəsini təmin edər.

Beləliklə, müəlliflərin qənaətinə görə, Cənubi Qafqazdakı sülh prosesi ABŞ üçün Rusiyaya qarşı əlavə təsir mexanizminə çevrilə bilər. Bu, Ukraynaya yardım və Moskvaya qarşı tətbiq olunan sanksiyalarla yanaşı, bir güllə belə atılmadan Kremlə qarşı daha bir strateji qələbə qazandırar.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr