AZ

Xankəndidə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib

BAKI, 17 sentyabr. TELEQRAF

Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm musiqi axşamı təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən konsert proqramında Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq unudulmaz musiqi bayramı bəxş edib.

Orkestrin dirijorluğunu Ramiz Məlikaslanov, bədii rəhbərliyini isə xalq artisti, professor Fərhad Bədəlbəyli həyata keçirib. Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə yanaşı, dünya musiqi xəzinəsinin incilərindən F. Mendelsonun simfoniyası da səslənib. Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Xankəndidə keçirilən bu tədbir, həm mədəni, həm də simvolik baxımdan çox önəmli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərin mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan musiqisinin yenidən səslənməsinə işarədir.
Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin bərpası baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, konsert proqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri, Milli Məclisin deputatı Polad Bülbüloğlu, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və xalq artisti, professor Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək, Xankəndidə olmağın və bu şəhərdə belə bir konsertin keçirilməsini möcüzə adlandırıblar. Onlar bildiriblər ki, bu, azad Xankəndidə keçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhz doğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.

Millət vəkili Polad Bülbüloğlu da çıxışında deyib ki, Xankəndidə bu konsert proqramına tamaşa etmək onun çoxdankı arzusu olub:“Uzun illər biz bu cür tədbirləri yalnız Bakıda keçirmək məcburiyyətində qalırdıq. Artıq bir neçə ildir ki, torpaqlarımız azaddır və bu gün belə tədbirlər doğma Qarabağda keçirilir. Üzeyir Hacıbəylinin 140 illiyinin azad olunmuş torpaqlarda Xankəndidə və Şuşada qeyd olunması böyük xoşbəxtlikdir. Xankəndidə Qarabağ Universitetinin açılması və onun incəsənət fakültəsinin fəaliyyət göstərməsi isə ayrıca qürurverici hadisədir.”

Qeyd edək ki, konsert proqramı sentyabrın 18-də Şuşa şəhərində də davam etdiriləcək.

Seçilən
9
12
teleqraf.com

10Mənbələr