AZ

“Şübhəm var idi, ancaq görəndə ki...” – “Qarabağ”ın “11”i möhtəşəm gecədən danışdı

“Qarabağ”ın legioneri Emmanuel Addai Sportinfo.az-a müsahibə verib.

“Benfika” ilə görüşün (3:2) ikinci yarısında meydana daxil olaraq fəallıq nümayiş etdirən qanalı yarımmüdafiəçi Lissabondakı qarşılaşma ilə bağlı sualları cavablandırıb.

-Möcüzə kimi görünən qələbəni sözlərlə necə təsvir edə bilərsən?

- İnanılmaz qələbədir həqiqətən. Hətta sözlərlə ifadə etmək olmur (gülür). Belə olacağını bəlkə də heç kim təsəvvür etmirdi. Baş məşqçimizin oyundan əvvəl verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Mübarizə apardıq, gücümüzə inandıq və ən əsası, şansları qola çevirə bildik. Bu, “Qarabağ” adlı kollektivdəki birliyin nəticəsidir.

- Oyunun gedişində sonluğun belə olacağını ağlından keçirirdin?

- Düzünü desəm, 0:2-dən sonra bir az şübhəm var idi. Ancaq görəndə ki, komandamız dayanmır, təzyiq göstərir, imkanlar yaradır, o zaman içimdə inam yarandı. Andrade hesab arasındakı fərqi azaldandan sonra isə uduzmayacağımıza əmin idim. Çünki rəqib futbolçuların təlaş içində olduğunu görürdüm.

- Fasilədə Qurban Qurbanovun paltardəyişmə otağında dediklərini təkrarlaya bilərsən?

- Bizə inandığını dedi, ilk hissədəki kimi davam etməyi və top itkilərinə yol verməməyi tapşırdı.

- 60 mindən artıq rəqib azarkeşlərin qarşısında oynamaq necə təsir edirdi?

- Mən oynayanda rəqib azarkeşləri görmürəm. Bütün diqqətim meydanda və rəqibdə olur. Təbii ki, stadiondakı ab-hava möhtəşəm idi. Lakin mənə təsir etmirdi. Daha çox bizi dəstəkləməyə gələn tərəfdarlarımızın adına sevindim. Onları xoşbəxt görmək əla idi.-

HƏBİB

Seçilən
15
sportinfo.az

1Mənbələr