AZ

Qulaq cingiltisi nədən xəbər verir?

Qulaqda səs və ya zəng kimi cingiltinin eşidilməsi tibbi dildə tinnitus adlanır. Bu, müstəqil xəstəlik deyil, lakin müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qulaq cingiltisi həm sadə, həm də ciddi səbəblərdən yarana bilər.

Əsas səbəblərə qulaqda kükürd yığılması, uzun müddət yüksək səsə məruz qalma, orta qulaq iltihabı, boyun və baş nahiyəsində qan dövranı pozuntuları, stress və yuxusuzluq daxildir. Həmçinin hipertoniya, şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri və bəzi dərmanların yan təsirləri də cingiltini artırır.

Cingiltinin xüsusiyyətləri müxtəlif ola bilər: zəng səsi, vızıldama, fışıldama və ya döyüntü formasında eşidilə bilər. Bəzi hallarda bir qulaqda, bəzən isə hər ikisində baş verir. Adətən gecələr və sakit mühitdə daha çox hiss olunur.

Uzunmüddətli qulaq cingiltisi fəsadlara da yol aça bilər. Yuxu pozuntuları, diqqət dağınıqlığı, yaddaş problemləri, psixoloji gərginlik və hətta depressiya tinnitusun nəticələrindən biridir.

Mütəxəssislər xəbərdarlıq edir ki, qulaqda davamlı cingiltisi olan şəxslər vaxtında həkimə müraciət etməlidirlər. Erkən diaqnoz qoyulduqda həm səbəbi aşkar etmək, həm də fəsadların qarşısını almaq mümkündür.

Seçilən
8
2
manset.az

3Mənbələr