Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəyə səfər edən bir qrup jurnalist İstanbulun tarixi məkanlarını gəzib. Səfərin ilk günündə media nümayəndələri Türkiyənin tarixini və mədəniyyətini özündə yaşadan ən möhtəşəm memarlıq komplekslərindən biri — Ayasofya Böyük Məscidini ziyarət ediblər.
Ayasofya, sadəcə bir abidə deyil, əsrlərin şahidi, tarix boyu həm Bizansın, həm də Osmanlının simvoluna çevrilmiş müqəddəs bir məkandır. Ziyarət zamanı jurnalistlərə abidənin həm memarlıq möcüzəsi, həm də tarixdə oynadığı rolu barədə geniş məlumat verilib.
İstanbulun fəthi ilə bağlı xatırlanan hadisələr Ayasofyanın divarları arasında daha da canlı hiss olunur. 1453-cü ilin həmin möhtəşəm gündə Fatih Sultan Mehmed məscidə daxil olaraq mehraba bayraq sancmış, qübbəyə tərəf ox atmış və ilk azanı oxuyaraq Ayasofyanı rəsmi olaraq məscid elan etmişdi. Ardınca şükür səcdəsinə gedərək iki rəkət namaz qılmışdı. Elə bu addım da əsrlərlə davam edən yeni bir dövrün başlanğıcını göstərirdi.
Səfər iştirakçılarına bildirilib ki, fəthin üçüncü günü Akşəmsəddin imamlığında Ayasofyadakı ilk cümə namazı qılınıb. Fatih Sultan Mehmed həmin gün ordusuna xütbə oxuyaraq fəthin əhəmiyyətini vurğulayıb.
Tarixi məscid həm də vakf mədəniyyətinin nümunəsi kimi diqqət çəkir. Fatih Sultan Mehmed Xan Ayasofyanın əbədi olaraq qorunmasını və məscid statusunun saxlanılmasını vəsiyyətində açıq şəkildə qeyd edib. Elə bu səbəbdən də Ayasofya əsrlər boyu yalnız ibadətgah deyil, elm, mədəniyyət və sosial xidmətlərin də mərkəzi olub.
Məscidin içərisində jurnalistlərin diqqətini çəkən ən böyük məqam onun möhtəşəm memarlığı olub. 55 metr hündürlüyə çatan qübbə, ətrafı işıqlandıran 40 pəncərə, 107 sütun və müxtəlif ölkələrdən gətirilmiş nadir mərmərlər — bütün bunlar Ayasofyanı həm dövrünün, həm də bu günün memarlıq möcüzəsinə çevirir.
Xüsusi olaraq vurğulanıb ki, 2020-ci ildə Ayasofya muzey statusundan çıxarılaraq yenidən məscid elan olunub. İndi abidəyə giriş ödənişsizdir və bütün dinlərdən olan insanlar üçün qapıları açıqdır.
Səfərdə iştirak edən jurnalistlər Ayasofyanın tarixə meydan oxuyan bu möhtəşəm simvolunu ziyarət edərkən həm Osmanlı sülhünün ab-havasını, həm də İstanbulun fəthinin həyəcanını sanki bir daha yaşayıblar.
Qoşqar Salmanlı
İstanbul