AZ

Azərbaycana ən çox investisiya yatıran ölkələr…

İnvestisiya mühitinin şəffaf və inkişafyönümlü olması üçün nələr edilib?

İnvestisiya iqtisadi inkişafın əsas prioritetlərindən biridir. Ona görə də hansı ölkədə ki, münbit investisiya mühiti olur, oraya xarici sərmayədarların da marağı  artır.  Azərbaycan dövləti də investorları cəlb emək üçün  önəmli işlər həyata keçirib. Xüsusilə ölkəmizin investisiya cəlbediciliyini artırmaq üçün ciddi islahatlar aparılıb. İlk növbədə  bu sahədə qanunvericilik  bazası təkmilləşdirilməklə  investorlara mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılıb. Onların şəffaf və maneəsiz fəaliyyəti üçün antikorrupsiya tədbirləri gücləndirilib. Bundan başqa, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb.

Bu gün də ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq qapı» siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. İlk növbədə  qanunvericilik  təkmilləşdirilir. Belə ki, Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Apelyasiya Şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında», «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Eyni zamanda  bu sahədə lisenziyalaşdırma prosesi sadələşdirilir. Belə ki, Azərbaycan Prezidentinin «Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» 19 oktyabr 2015-ci il tarixlii Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların «ASAN xidmət» mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır.

Fərmana əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmişdir. Bundan başqa, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verən dövlət orqanlarının sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

Ən başlıcası isə «Bir pəncərə» sistemi tətbiq edilmişdir. Yəni
ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrinin elektron qəbuluna başlanmışdır. Hətta elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. Həmçinin, «Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları»nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının «bir pəncərə» prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.

İnvestorlar üçün digər önəmli məsələ gömrük rejimi və vergitutma barədə «İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası»nın təsdiq edilməsidir. Həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və «Gömrük tarifi haqqında» Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir.

Eyni zamanda, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilmişdir. Həmçinin «Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan  Prezidentinin Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.

Məhz investorlara yaradılan belə münbit şəraitə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard dollar təşkil edib.

Bu barədə Mərkəzi Bankın Statistika departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib. O, vurğulayıb ki, hesabat dövründə ölkəmizin xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 3,4 milyard dollar olub. Bundan başqa, Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr - Böyük Britaniya (806 milyon dollar), Türkiyə (629 milyon dollar), Kipr (353 milyon dollar), İsveçrə (226 milyon dollar) və İran (176 milyon dollar) olub. Azərbaycandan ən çox yatırım isə İsrailə (542 milyon dollar), Türkiyəyə (177 milyon dollar), BƏ-yə (156 milyon dollar), Gürcüstana (77 milyon dollar) və ABŞ-a (77 milyon dollar) olub.

 Elçin Zaman, «İki sahil»

Seçilən
15
ikisahil.az

1Mənbələr