AZ

Onlar Azərbaycan xalqını sonadək tanıya bilməmişdilər - Əliyev 5 il əvvəl dünyaya bu həqiqəti göstərdi...


Hüseyn İbrahimov: “Nə aparılan danışıqlarda, nə də digər tədbirlərdə dövlətimiz geri addım atdı”

Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bildirib ki, ərazilərimizi işğal altında saxlayan Ermənistan və arxasında duranlar bir şeyi hesablamamışdılar:

“Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər”.

“Müharibədə xalqımız Prezidentin ətrafında yumruq kimi birləşdi və bunları nə Ermənistan, nə də onların havadarları gözləyirdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Ermənistan və arxasında dayanan dövlətlər Azərbaycanın zamanla işğal faktoru ilə barışacağını güman edirdilər: “Əvvəla, 30 il əvvəl Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təkcə bu ölkə hesabına olmamışdı. Ermənistanla birlikdə bilavasitə Rusiya ərazilərimizi işğal etdi. Qərbin aparıcı dövlətləri də məqsədyönlü şəkildə buna göz yumdular. Ona görə ki, onlar Ermənistana siyasi, iqtisadi yardım edirdilər. Rusiya isə hərbi yardım edirdi. Burada söhbət təkcə silah-sursat yardımından getmir, söhbət həm də əsgəri yardımdan gedir. Yəni rus əsgərləri erməni forması geyərək bizə qarşı vuruşurdular. Nəticədə yüz minlərlə soydaşımız məcburi köçkün düşdü, kənd və şəhərlərimiz viran qoyuldu. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 28 il mənasız danışıqlar keçirildi. Minsk Qrupunun əsas məqsədi o idi ki, Azərbaycan zamanla işğalla barışsın. Yəni danışıqlardan bezərək güzəştə imza atsın. Çünki işğal dönəmində həmsədrlər başda olmaqla böyük dövlətlərin heç biri Ermənistana təzyiq göstərmirdi. Məsələn, ABŞ-ın digər həmsədr ölkələrlə birlikdə 2008-ci ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verməsi vasitəçi ölkə üçün presedenti olmayan hal idi. Belə bir “tayı-bərabəri” olmayan ədalətsizliklə üzləşdik. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Qarabağla bağlı bir addım belə geri çəkilmədi. Nə aparılan danışıqlarda, nə də digər tədbirlərdə dövlətimiz geri addım atmadı. Bu işdə Prezident İlham Əliyevin xidmətləri böyükdür. O cümlədən, xalqımız bir gün belə Qarabağı unutmadı. Vətən müharibəsində bütün xalqımız Ali Baş Komandan ətrafında yumruq kimi birləşdi. Bütün bunları nə Ermənistan, nə də onların havadarları gözləyirdi. Ona görə də yanıldılar”.

Vidadi ORDAHALLI

Seçilən
25
baki-xeber.com

1Mənbələr