AZ

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycan professional musiqi məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

News24.az xəbər verir ki, 18 sentyabr dahi bəstəkarın doğum günü ölkəmizdə 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Musiqi Günü kimi qeyd edilir. Prezident İlham Əliyev 2025-ci il fevralın 3-də Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam imzalayıb.

Əlamətdar gün münasibətilə bu gündən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da start götürür. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival 28 sentyabra qədər Bakı, Şuşa, Gəncə, Naxçıvan və digər şəhərlərdə keçiriləcək. Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə və digər ölkələrdən musiqiçilər proqramda çıxış edəcəklər.

Qeyd edək ki, 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası ilə Şərqin opera tarixinə yeni səhifə yazan Üzeyir Hacıbəyli sonralar “Koroğlu” kimi möhtəşəm əsərləri ilə dünya mədəniyyətinə nümunələr bəxş edib. Onun “Ər və arvad”, “O olmasın, bu olsun” və xüsusilə “Arşın mal alan” musiqili komediyaları milli səhnə tarixində xüsusi yer tutur. “Arşın mal alan” bu günə qədər 70-dən artıq dilə çevrilərək dünyanın yüzdən çox teatrında oynanılıb və dəfələrlə ekranlaşdırılıb.

Dahi bəstəkarın irsi yalnız səhnə əsərləri ilə məhdudlaşmır. O, 300-dən çox xalq mahnısını nota alıb, müxtəlif janrlarda əsərlər yazıb, həmçinin həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet dövrünün himnlərinin müəllifi olub. 1945-ci ildə nəşr olunmuş “Azərbaycan xalq musiqisinin əsasları” əsəri isə bu gün də musiqi tədrisində əsas mənbələrdən biridir.

Üzeyir Hacıbəyli yaradıcılığı və ictimai fəaliyyəti ilə Azərbaycan musiqi mədəniyyətinə yeni yol açmış, milli bəstəkarlıq məktəbinin bünövrəsini qoymuş dahi sənətkar kimi xalq yaddaşında əbədi yaşayacaq.


Seçilən
85
news24.az

1Mənbələr