AZ

“Kashalata” kafesində autizmli insanlara dəstək məqsədilə inklüziv master klas keçirilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycanın gənc liderlər üçün “Future Leaders” layihəsi autizm spektr pozuntusu (ASP) olan şəxslərin çalışdığı inklüziv “Kashalata” kafesində unikal “Vision Board” adlı incəsənət üzrə master-klas təşkil edib. Bu, layihə çərçivəsində keçirilən 12-ci tədbirdir.

Təşkilatçılar AZƏRTAC-a bildiriblər ki, tədbirdən əldə olunan bütün vəsait kafe və onun əməkdaşlarının dəstəklənməsinə yönəldilib, bununla da sosial məsuliyyətin və bərabər imkanların vacibliyinə diqqət çəkilib.

“Kashalata” biznes, dövlət və cəmiyyətin əməkdaşlığı prinsipləri əsasında yaradılmış sosial layihədir. “Future Leaders” isə gəncləri bir məkanda birləşdirərək hər kəsin öz potensialını üzə çıxarması, güclü tərəflərini tanıması və yaxşı işlərə ilhamlanması üçün yaradılıb. İllər ərzində komanda debatlar, seminarlar, xeyriyyə aksiyaları da daxil olmaqla 12 tədbir təşkil edib ki, bununla da gənclərin inkişafına və cəmiyyətin daha yaxşı istiqamətdə dəyişməsinə töhfə verib.

ASP-li insanlar cəmiyyətə inteqrasiyada tez-tez maneələrlə üzləşirlər. “Kashalata” və “Future Leaders” kimi inklüziv layihələr bu maneələri aradan qaldırmağa kömək edir, bərabərlik, hörmət və dəstək üçün şərait yaradır.

Tədbir iştirakçıları yaradıcılıq və dəstək mühitində arzularını və məqsədlərini simvolizə edən şəxsi vizuallaşdırma lövhələri yaradıblar. Master-klas təkcə yaradıcılıq tədbiri deyil, həm də icmanın gücünə və hər bir insanın imkanlarına inamın ifadəsi olub.

“Future Leaders” layihəsinin təsisçisi və prezidenti Aysel Yadigarova deyib: “Biz layihəyə başlayanda arzulayırdım ki, təşəbbüslərimiz sadəcə liderlikdən yox, həqiqi dəyərlərdən – xeyirxahlıq, hörmət və yanında olma bacarığından bəhs etsin. Bu, sadəcə bir kafe deyil, burada insan icmanın gücünü və dəstəyini hiss edir. İştirakçıların yaradıcılıq vasitəsilə öz potensialını üzə çıxarmasını görmək inanılmaz dərəcədə ilhamvericidir. Mən səmimi qəlbdən inanıram ki, gənclər sadə, amma səmimi addımlarla cəmiyyəti dəyişə bilərlər. Əgər bizim “Vision Board Workshop” tədbirimiz kiməsə özünə inam bəxş edibsə, deməli, etdiklərimiz əbəs deyil. Bizi isti qarşılayan və hər gün dünyanı daha yaxşı edən “Kashalata” komandasına dərin təşəkkürümü bildirirəm. Bizi necə səmimi qarşıladıqlarını görəndə başa düşdüm ki, bu tədbir burada keçirdiyimiz sonuncu fəaliyyət olmayacaq! ASP-li insanlara diqqət göstərməklə biz dünyanı daha yaxşı edirik. Azərbaycan gənclərini irəli getməyə, diqqətə ehtiyacı olanları dəstəkləməyə, kömək etməyə və dəyişikliklərin fəal hissəsi olmağa çağırıram”.

“Future Leaders” platformasının təşkilatçısı Mələkə Qayıbova isə vurğulayıb ki, liderlik yalnız arxanca aparmaq deyil, həm də cəmiyyətə xidmət etməkdir: “Birlikdə biz daha inklüziv və mərhəmətli gələcəyə doğru addım atırıq”.

“Future Leaders”in vitse-prezidenti Leyla İbrahimova təəssüratını belə bölüşüb: “Biz ürəkdən yaradırdıq və bunda həqiqi bir sehr vardır. Sanki ailə mühitində idik, xeyirxahlıq isə ehtiyacı olanlar üçün real dəstəyə çevrildi”.

Platformanın vitse-prezidenti Əsma Hüseynova deyib: “Biz birlikdə arzuladıq və yaratdıq, elə bil aramızdakı bütün divarlar yox oldu. Layihənin hər kəsə öz ideyalarına inanmağa, dəstək və xeyirxahlığı hiss etməyə kömək etməsi ilə qürur duyuram”.

HR departamentinin rəhbəri Ramilə Əskərova da emosiyalarını gizlətməyib: “Hər kəs özündən bir parça qatdı və nəticədə sadəcə bir tədbir yox, yaxınlıqda olmağın və kömək əli uzatmağın nə qədər vacib olduğunu xatırladan bir hadisə alındı. Mənim üçün ən dəyərlisi yaxşı niyyətlərin real addımlara çevrildiyini görməkdir”.

Platformanın koordinatoru Fatimə Osmanova yekun olaraq bunları söyləyib: “Kashalata” sadəcə bir məkan deyil. Bu, unikal bacarıqları olan gənclərin öz nurlarını bölüşərək adi anları həqiqi insani və ilhamverici bir şeyə çevirdiklərinin xatırladılmasıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
azertag.az

1Mənbələr