“Donald Trampın Rusiya ilə bağlı məyusluğunun səbəbi bu gün bariz şəkildə görünür. Tramp hələ seçki kampaniyası dövründən etibarən, hətta seçki prosesi başladığı andan “mən müharibəni 24 saata bitirəcəyəm” demişdi. Onun bu bəyanatı iki əsas faktora əsaslanırdı. Birincisi, ABŞ-ın Ukraynaya birmənalı və güclü dəstək verən əsas ölkələrdən biri olması və bu dəstəyin siyasi təzyiqə çevrilməklə Kiyevi müəyyən mənada ram edə biləcəyi düşüncəsi idi. İkincisi isə Trampın Putinə olan etimadı idi. O, hesab edirdi ki, Putinlə şəxsi münasibətləri və qarşılıqlı anlaşma yolu ilə bu müharibəni dayandıra biləcək. Lakin hadisələrin gedişi göstərdi ki, Trampın bu gözləntiləri özünü doğrultmadı. O, hakimiyyətə gəldikdən sonra atdığı addımlarla Ukrayna məsələsində uğur əldə edə bilmədi. Bu isə həm onun şəxsi nüfuzuna, həm də ABŞ-ın dövlət olaraq qlobal miqyasda oynadığı aparıcı rola mənfi təsir göstərdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubio ilə Rusiya XİN rəhbəri Sergey Lavrovun telefon danışığından sonra Moskvadan məyus olub. “Axios”un məlumatına görə, Vaşinqtonda Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığı qənaətinə gəlinib. Nəticədə Tramp-Putin görüşündən imtina edilib və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi qərarı verilib.
Siyasi şərhçinin sözlərinə görə, Tramp administrasiyasının Ukrayna siyasətində uğur qazana bilməməsi ABŞ-ın beynəlxalq münaqişələrin həllindəki lider imicinə ciddi zərbə vurub.