AZ

Qubadlının bərpası dövlətimizin qüdrətinin təcəssümüdür

 

25 oktyabr tarixi xalqımızın qəhrəmanlıq

salnaməsinə qızıl hərflərlə yazılmış tarixi günlərdən biridir. Müzəffər Ali Baş

Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və

xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci il 25 oktyabrda Qubadlı şəhəri

işğaldan azad edildi.

Bu fikirləri Milli Məclisin deputatı Fatma

Yıldırım deyib.  Deputat bildirib ki, cənab

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla bu əlamətdar

gün rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis olunmuşdur: “Bu qərar yalnız

bir rayonun deyil, bütövlükdə Qarabağın dirçəlişi və suverenliyimizin təntənəsi

baxımından mühüm rəmzdir.

Qubadlı rayonunun işğaldan azad olunması 44

günlük Vətən müharibəsində mühüm dönüş nöqtələrindən biri oldu və Böyük Qələbəmizi

bir qədər də yaxınlaşdırdı. Ulu torpaqlarımıza yenidən həyat qayıtdı, Qubadlıya

öz sahibləri, onun qəhrəman, mərd övladları qayıtdı”.

Millət vəkilinin sözlərinə görə, Qubadlı

rayonunun azadlığı uğrunda döyüşlərdə Azərbaycan əsgəri yüksək peşəkarlıq, fədakarlıq

və vətən sevgisi nümayiş etdirdi. Düşmənin güclü istehkamlar qurduğu ərazilər,

strateji yüksəkliklər mərdliklə ələ keçirildi və nəticədə 25 oktyabrda Qubadlı

şəhəri düşməndən tam azad olundu. Bu şanlı zəfər bir daha göstərdi ki, Azərbaycan

xalqı heç vaxt torpaqlarını, tarixi ədaləti unutmur və unudulmasına da imkan

verməz.

Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən

yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının

azad olunmasına görə” medalı ilə 15 mindən artıq hərbi qulluqçumuz təltif

olunub. Bu, Vətən qarşısında misilsiz xidmətin, igidliyin və qələbə ruhunun təntənəsidir.

Fatma Yıldırım qeyd edib ki, cənab Prezident

İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən

Qubadlı rayonunda "Böyük Qayıdış" Proqramı çərçivəsində genişmiqyaslı

bərpa və quruculuq işləri aparılır: “ Artıq Qubadlının yeni inkişaf dövrü

başlanıb. 2040-cı ilədək Qubadlı şəhərinin Baş planı təsdiq edilib, “Qubadlı”

yarımstansiyası istifadəyə verilib, sürətli internet infrastrukturu qurulub.

Mahruzlu və Zilanlı kəndlərində müasir tikinti layihələri həyata keçirilir.

Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının inşası, “Qubadlı” gömrük

postunun yaradılması, ərazinin sosial-iqtisadi dirçəlişinə böyük təkan verir.

Bütün bu layihələr dövlətimizin qayğısının, cənab Prezidentimizin uzaqgörən

siyasətinin təcəssümüdür.

25 oktyabr Qubadlı Şəhəri Günü münasibətilə

bütün qubadlılı həmvətənlərimizi, qəhrəman əsgər və zabitlərimizi səmimi-qəlbdən

təbrik edir, onlara əmin-amanlıq və rifah arzulayıram”.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr