AZ

Ukrayna Rusiyanın müdafiə-sənaye kompleksinə məxsus strateji obyektlərə dəqiq zərbələr endirib

Kiyev, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın müdafiə-sənaye kompleksinə məxsus strateji obyektlərə bir sıra dəqiq zərbələr endiriblər. Nəticədə eyni vaxtda üç müəssisə atəşə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Müdafiə Qüvvələrinin bölmələri Rusiya ordusunun təminatında iştirak edən iki neft emalı zavodunu vurublar. Müəssisələrin ərazilərində partlayışlar və yanğınlar qeydə alınıb.

Baş Qərargahın məlumatına görə, zərbələrdən biri Ulyanovsk vilayətinin Novospasskoye yaşayış məntəqəsindəki neft emalı zavoduna endirilib. Müəssisənin əsas fəaliyyət sahəsi karbohidrogenlərin ilkin emalıdır ki, onun həcmi ildə 600 min ton neft təşkil edir. Zavod benzin, dizel yanacağı və mazut istehsal edir, həmçinin Rusiya daxilindəki yanacaq tələbatını təmin etməklə yanaşı, neft məhsullarını ixrac edir.

Bundan başqa, Mariy El Respublikasının Tabaşino yaşayış məntəqəsində yerləşən Mariyski neft emalı zavodu da zərbələrə məruz qalıb. Obyektdə partlayışlar və yanğın qeydə alınıb. Zavod Privoljye Federal Dairəsinin daxili tələbatını təmin edir.

“Missiyaların nəticələri və vurulmuş ziyanın dərəcəsi dəqiqləşdirilir”, – deyə Baş Qərargahdan bildirilib.

Bundan əlavə, zərbə PUA-ları Rusiyanın Stavropol diyarının Budyonovsk şəhərində yerləşən qaz emalı zavodunu da hədəfə alıblar. Müəssisə regiondakı bir sıra sənaye obyektlərini qazla təmin edir və neft-kimya sənayesi üçün xammal mənbəyidir.

“Rusiyanın ərazisində yerləşən bu müəssisələrin fəaliyyətinin dayandırılması, Rusiya ordusunun döyüş əməliyyatlarını aparmaq imkanlarını azaldır. Ukrayna Müdafiə Qüvvələri Rusiyanın silahlı hücumlarının qarşısının alınmasına yönəlmiş tədbirləri davam etdirir”, – deyə Baş Qərargahdan əlavə ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
75
1
azertag.az

2Mənbələr