AZ

Belçika müdafiə naziri: Rusiya NATO-dan dörd dəfə çox sursat istehsal edir...

Teyo Franken: Ruslar bizə nisbətən eyni pula qat-qat çox silah ala bilirlər...

Poliqon xəbər verir ki, Belçikanın müdafiə naziri Teyo Franken Rusiyanın hərbi istehsal imkanları barədə xəbərdarlıq edərək bildirib ki, Moskva hazırda bütün NATO ölkələrinin birgə istehsalından dörd dəfə çox artilleriya sursatı istehsal edir. Nazir bu fikirləri De Morgen qəzetinə müsahibəsində səsləndirib.

Franken bu sözləri beynəlxalq siyasət üzrə professor Hendrik Vosun açıqlamasına cavab olaraq deyib. Vos əvvəllər bəyan etmişdi ki, NATO ölkələri — hətta ABŞ-ı nəzərə almadan da — Rusiyadan daha çox silaha malikdir və hərbi büdcəni artırmağa ehtiyac yoxdur. O, “Axı nə vaxt bizim üçün kifayət olacaq? Bəlkə büdcəni ikiqat yox, onqat artıraq?” — deyə sual etmişdi.

Franken isə bu yanaşmanı yanlış adlandıraraq bildirib ki, Rusiya son illərdə öz hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə, “Ruslardan qorxmamağı müdafiə edənlər ciddi səhv edir. Rusiya güclü ordusu və yüksək döyüş ruhu olan geosiyasi gücdür. Onlar Çeçenistanda qalib gəldilər, Suriyada on il ərzində dominant qüvvə oldular və hazırda Afrikanın bir çox regionlarında fəaldırlar”.

Belçika müdafiə naziri həmçinin Avropanın hərbi strukturunun zəifliyinə diqqət çəkib: “Avropada mərkəzləşdirilmiş komandanlıq yoxdur. Strasburqdakı bir neçə Avrokorpus bölməsi istisna olmaqla, bizim dərhal döyüşə göndərə biləcəyimiz real qüvvəmiz yoxdur”, – deyə o vurğulayıb.

Frankenin bu fikirləri NATO daxilində Avropanın hərbi hazırlığının səviyyəsi və Rusiya qarşısında kollektiv müdafiə qabiliyyəti barədə gedən debatları yenidən alovlandırıb. Bununla yanaşı, Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Moskvanın NATO ölkələri ilə müharibə aparmaq planı yoxdur və bu cür qarşıdurma üçün nə iqtisadi, nə də siyasi səbəblər mövcuddur.

Poliqon.info

Seçilən
63
poliqon.info

1Mənbələr