AZ

Aİ müharibə halında ağır texnikanın sürətli yerləşdirilməsi üçün yeni mexanizm hazırlayır- ÖZƏL

Avropa Komissiyası (AK) Avropa İttifaqı və NATO ölkələri ilə birgə müharibə vəziyyətində ağır texnikanın qitə boyunca sürətlə hərəkətini təmin edəcək koordinasiya mexanizmi üzərində işləyir. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, təşəbbüs çərçivəsində Aİ ölkələrinin qoşun və silah daşınmasında istifadə edə bilməsi üçün yük maşınları, dəmir yolu platformaları və bərələrdən ibarət ümumi nəqliyyat hovuzunun yaradılması nəzərdə tutulur. Avropa Komissiyası gələn ay nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və ittifaq daxilində gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərini təqdim etməyi planlaşdırır. Mənbələrin bildirdiyinə görə, AK həmçinin Aİ-nin özünə məxsus yük avtomobilləri və dəmir yolu vaqonları parkının yaradılması imkanını da araşdırır. Lakin məhdud büdcə səbəbindən bunun daha çətin olacağı vurğulanır. Ümumilikdə, layihənin hələ ilkin mərhələdə olduğu və gələcəkdə dəyişikliklər edilə biləcəyi qeyd edilir.
Xatırladaq ki, 2025-ci ilin yazında Aİ genişmiqyaslı hərbi modernizasiya istiqamətində mühüm addımlar atıb. Mart ayında Brüsseldə keçirilən fövqəladə sammitdə 800 milyard avroluq "ReArm EU" yenidən silahlanma planı təsdiqlənib. Daha sonra Aİ Şurası 2030-cu ilə qədər uzunmüddətli hərbi quruculuq proqramı çərçivəsində 150 milyard avroluq SAFЕ-hərbiləşmə fondunun yaradılmasına razılıq verib. NATO-nun iyun ayında Haaqada keçirilən sammitində isə Avropanın alyansa üzv ölkələrinin hərbi xərclərini 2034-cü ilə qədər ÜDM-in 5 faizinə çatdırması barədə qərar qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr