AZ

BMT Rusiyanın Ukraynadakı müharibə cinayətləri barədə hesabat yaydı...


Abutalıb Səmədov: “Bu hesabat Ukraynada müharibənin gedişinin dəyişməsinə hansısa bir təsir göstərə bilməz”

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası tərəfindən 2022-ci ilin mart ayında yaradılmış Ukrayna üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası Rusiyanın Ukraynada həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı hesabat yayıb.

Xarici medianın yaydığı məlumatda bildirilir ki, hesabatda Rusiya Silahlı Qüvvələrinin qəsdən Ukrayna mülki şəxslərini hədəf aldığı vurğulanır.

BMT Komissiyasının hesabatına görə, Rusiya ordusunun hərəkətləri insanlığa qarşı cinayətlərə və mülki şəxslərə işgəncə verməyə bərabərdir. Hesabatın müəllifləri Rusiyanın zərbələrinin ukraynalıları evlərindən qovmaq məqsədi daşıdığını qeyd edirlər.

Rusiya ordusu tərəfindən idarə olunan dronlar dəfələrlə Ukrayna mülki əhalisinə hücum edərək ölümlərə, yaralanmalara və genişmiqyaslı dağıntılara səbəb olub.

Komissiya bildirir ki, Rusiya ordusunun hərəkətləri insanlığa qarşı iki istiqamətli cinayətdir. “Birincisi, bunlar “əhalinin qətl edilməsi və məcburi köçürülməsi”, ikincisi isə Rusiya qoşunları tərəfindən işğal edilmiş ərazilərdən mülki şəxslərin "deportasiyası" və köçürülməsidir, bəziləri isə işgəncələrə məruz qalıb”-deyə hesabatda vurğulanır.

Hesabat müəlliflərinə görə, hədəflənmiş pilotsuz təyyarə hücumları Dnepr çayının sağ sahili boyunca 300 kilometrdən çox uzanan ərazidə, Dnepropetrovsk, Xerson və Nikolayev bölgələri boyunca geniş mülki hədəfləri hədəfə alıb. BMT komissiyası bu hücumları ukraynalıları evlərindən didərgin salmağa yönəlmiş sistemli və əlaqələndirilmiş hərəkətlər kimi qiymətləndirir ki, bu da insanlığa qarşı cinayətdir - əhalinin məcburi köçürülməsi.

Bildirilir ki, Rusiya ordusunun hücumları yaşayış binalarını, tibb müəssisələrini və digər mülki infrastrukturu, eləcə də beynəlxalq humanitar hüquqa əsasən xüsusi qorunmadan istifadə edən təcili yardım maşınları və yanğınsöndürmə briqadaları da daxil olmaqla təcili yardım xidmətlərinə yönəlib.

Sənəddə qeyd olunur ki, işğal olunmuş ərazilərdən qrupların deportasiyası və ya köçürülməsi Rusiya hakimiyyəti tərəfindən əlaqələndirilib. Bəzi mülki şəxslər Ukrayna hökumətinin nəzarətində olan ərazilərə köçürülüb, digərləri isə qonşu Gürcüstana göndərilib.

BMT-nin bu hesabatı Ukraynada müharibənin gedişinin dəyişməsində hansı rolu oynaya bilər?

“...Vəziyyəti dəyişməyin yalnız bir yolu var”

“Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov hesabatla əlaqədar "Bakı-Xəbər"ə şərhində bildirdi ki, BMT-nin müvafiq komissiyası əslində bütün dünyaya məlum olan həqiqətlərin bir hissəsini bir də sıralayıb və heç kəsə sirr deyil ki, Rusiya Ukraynada insanların həyatını dözülməz hala salmaq, onların öz yaşayış yerlərini tərk edib Ukraynanın digər bölgələrinə və xarici ölkələrə getməsi üçün əlindən gəlir. “Dinc insanlar öldürülür, uşaqlara rəhm edilmir və hərbi obyektlərə zərbə endirdiyini deyən Rusiya rəhbərliyi, əslinə qalsa, ağına-bozuna baxmadan həm hərbi, həm mülki obyektləri dağıtmaqla məşğul olur, Ukraynanın enerji infrastrukturu sıradan çıxarılmağa çalışılır ki, qışda Ukraynada yaşamaq mümkünsüz olsun. Bütün bunlar dünyanın gözləri qarşısında baş verir. İndi BMT komissiyasının bir daha təkrar etdiyi bu vəhşiliklər Ukraynada hərbi əməliyyatların gedişinə hansısa təsir göstərə bilərmi? Təbii ki, bu hesabat Ukraynada müharibənin gedişinin dəyişməsinə hansısa bir təsir göstərə bilməz. BMT öz nüfuzunu tamamilə itirmiş bir qurumdur və Ukrayna-Rusiya qarşıdurmasında, demək olar ki, iştirak etmir. 2022-ci ildən başlayan müharibənin gedişində BMT yalnız taxıl sövdələşməsində iştirak edib, o da Türkiyənin aktiv şəkildə bu prosesə qoşulması və BMT-ni də öz yanına alması nəticəsində baş verib. Sülh danışıqlarında, demək olar ki, BMT yoxdur. Ukrayna ətrafında gedən proseslərə, baş verən vandalizmlərə elə bir ciddi təsiri də yoxdur. Belə şəraitdə BMT komissiyasının hazırladığı rəy, məruzə, təbiidir ki, heç nəyi dəyişə bilməz. Rusiya-Ukrayna müharibəsində vəziyyəti dəyişməyin yalnız bir yolu var - Ukraynaya yardımlar artırılmalıdır”.

A.Səmədovun sözlərinə görə, elə edilməlidir ki, Ukrayna Rusiyaya ciddi müqavimət göstərə, işğal altında olan ərazilərinin heç olmasa bir hissəsini azad edə bilsin, Rusiya ordusu ciddi çətinliklərlə üzləşsin. A.Səmədov qeyd etdi ki, əks halda proseslər indiki kimi davam edəcək, Rusiya vəhşi üsullarla dinc insanlara divan tutacaq, şəhərləri dağıdacaq və addım-addım Ukrayna ərazisini işğal etməyə davam edəcək. “Bu prosesə yalnız sanksiyaların sayını artırmaqla təsir etməyə çalışan Qərb ölkələri bir şeyi anlamalıdırlar ki, onların artıq tətbiq etdiyi təqribən 25 min sanksiya Rusiyaya təsir etmir. Müxtəlif üsullarla Rusiya sanksiyalardan yan keçə bilir. Demək olar ki, əvvəlki qaydada neft və neft məhsullarını və qaz satışını davam etdirir. Təbiidir ki, müəyyən azalma var, ancaq bu, Rusiyanın zəifləməsi üçün kifayət etmir. Avropa ilk növbədə yardımları artırmalıdır. Çünki ABŞ bu prosesdən tamamilə kənardadır, “mən silah satıram, Avropa alsın”, bəzən də “NATO alsın və Ukraynaya versin” deyir. Hətta özünü NATO-dan da kənarda qoyur. Hər il ABŞ və Avropanın birlikdə Ukraynaya yardımı 80 milyard dollar səviyyəsində olub, onun da təqribən yarısı hərbi yardım olub. Bu artıq 100 milyarddan xeyli artıq olmalıdır ki, Ukrayna cəbhədə vəziyyəti öz xeyrinə dəyişdirə bilsin. Ancaq çox təəssüf ki, həm Avropada mövcud ziddiyyətlər, həm ABŞ-ın tutduğu mövqe buna imkan vermir. Artıq Çexiya, Slovakiya Ukraynada antiavropa koalisiyası yaratmağa çalışır. Bu prosesdə, təbiidir ki, Macarıstan da ciddi rol oynayır. Bu cür koalisiyanı yaratmaq cəhdi Avropanı da, Avropa Birliyini də çox ağır duruma sala bilər. ABŞ bir az da fəallaşmalıdır. Bu prosesə Çini qoşmaq cəhdləri müəyyən nəticələr verə bilər, ancaq prezident Trampın Çin lideri ilə görüşü, çox güman ki, arzuolunan nəticəni verməyib. Hələlik bu barədə ətraflı məlumat yoxdur. Amma görüşün nəzərdə tutulduğundan qısa olması və hələlik elə bir bəyanatın verilməməsi görüşün ümidləri doğrultmadığını göstərir. Çin Rusiyaya təzyiq, təsir göstərməyə imkanı olan çox az dövlətlərdən biridir. ABŞ-ın, Hindistanın müəyyən qədər imkanı var. Bu dövlətləri də bu prosesə qoşub Ukraynada qan tökülməsini dayandırmaq, insanlığa, bəşəriyyətə qarşı cinayətləri dayandırmaq mümkün ola bilər. Ancaq hələlik bu istiqamətdə arzuolunan nəticələr, çox təəssüf ki, yoxdur.

Rusiyanın sülh danışıqlarında müəyyən qədər öz mövqeyindən çəkilməsi, təbiidir ki, ümidlər doğurur. Əgər əvvəllər Rusiya dörd vilayəti inzibati sərhədləri ilə tələb edirdisə, indi bu tələbdən imtina edir və mövcud təmas xəttində dayanmağa razı olduğunu deyir, bir şərtlə ki, Donesk bütünlüklə Rusiyaya verilsin. Bunun qarşılığında hətta müəyyən ərazi güzəştlərinə getməyə hazır olduğunu da deyir. Deməli, Rusiyada da vəziyyət o qədər yaxşı deyil ki, bu cür güzəştlər barədə düşünməyə başlayıblar. Çox güman, danışıqları bir qədər də intesivləşdirib, təzyiqləri bir qədər də artırıb Rusiyanı daha artıq güzəştə getməyə məcbur etmək olar. Ancaq bir şey aydındır ki, çox güzəştlərə nail olmaq alınmayacaq, Rusiya işğal etdiyi ərazinin böyük hissəsini özündə saxlamaq istəyir, eyni zamanda Donbasa nəzarəti bütünlüklə ələ keçirmək niyyətindədir”.

A.Səmədov qeyd etdi ki, Ukrayna da öz mövqeyindən müəyyən qədər imtina edib və itirdiyi ərazilərin böyük hissəsinin Rusiyanın əlində qalmasına razılığını bildirir. A.Səmədov hesab edir ki, yardımların bir qədər də artırılması, Ukraynaya daha ciddi köməyin göstərilməsi Rusiya-Ukrayna cəbhəsində vəziyyəti dəyişəvə yaxın zamanda sülhə nail olmağa imkan yarada bilər. A.Səmədov qeyd etdi ki, ABŞ-ın vitse-prezidentinin yaxın vaxtlarda sülhə nail olmağın mümkünlüyü barədə verdi bəyanat da ümidləri xeyli artırıb. “Çox təəssüf ki, BMT-nin heç bir rolu yoxdur və dəfələrlə müxtəlif dövlət rəhbərlərinin, o cümlədən Azərbaycan Prezidentinin söylədiyi kimi, ciddi islahatlar keçirmədən BMT-ni nüfuzlu quruma çevirmək, çox təəssüf ki, mümkün olmayacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
23
baki-xeber.com

1Mənbələr