AZ

Dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları müəyyənləşdirilir

Bakı, 31 oktyabr, AZƏRTAC

“Dövlət xidmətləri haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Beş fəsil və 20 maddədən ibarət qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Sənəddə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilir. Bununla yanaşı, xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri müəyyən edilir. Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün növbəlilik prinsipi təsbit olunur.

Sənəddə, həmçinin qeyd olunur ki, dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanılması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində çevikliyin təmin edilməsi və xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) təşkil edilir. DXER vasitəsilə dövlət xidmətlərinin DXER-də qeydiyyata alınması, dövlət xidmətləri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən məlumatların DXER-ə daxil edilməsi, daxil edilmiş məlumatlarda dəyişiklik edilməsi, dövlət xidmətlərinin DXER-dən çıxarılması təmin edilir.

Layihədə xidmət istifadəçilərinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi ilə bağlı tələblər, dövlət xidmətlərinin formaları, dövlət xidmətlərinin fiziki və elektron formada göstərilməsi qaydaları, dövlət xidmətlərinin qiymətləndirilməsi, qiymətləndirilmənin məqsədləri, dövlət xidmətlərinin keyfiyyətinə nəzarət və bir sıra digər məsələləri əhatə edən müddəalar öz əksini tapıb. "ASAN xidmət indeksi" üzrə qiymətləndirilmə mexanizmi daha da təkmilləşdirilərək, qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Seçilən
38
2
azertag.az

3Mənbələr