Bakı, 31 oktyabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı onu Birləşmiş Ştatların Rusiyaya tətbiq etdiyi enerji sanksiyalarda bir neçə istisnanın edilməli olduğuna inandırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Viktor Orban bu barədə “Kossuth” radiostansiyasının proqramında Donald Trampla Ağ Evdə gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib. Hökumət başçısının sözlərinə görə, o, ABŞ liderinə istisnaların Macarıstanın enerji təhlükəsizliyini qorumaq üçün zəruri olduğunu izah etməyə çalışacaq. “Macarıstan birbaşa dəniz əlaqələrinə malik olmayan ölkədir və buna görə də neft və qazı üçün boru kəmərlərinə etibar etmək məcburiyyətindədir”, - deyə Viktor Orban bildirib.
O, həmçinin vurğulayıb ki, ABŞ-ın Rusiyanın neft və qaz şirkətlərinə qarşı yeni sanksiyaları uzunmüddətli müqavilələr əsasında enerji təchizatının əsas hissəsini Rusiyadan almağa davam edən Macarıstanın maraqlarına zərər vuracaq.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə müəssisəsini noyabrın 21-də tam qüvvəyə minəcək yeni anti-Rusiya sanksiyaları paketinə salıb. Birləşmiş Ştatlar hesab edir ki, həmin məhdudiyyətlər Ukraynadakı münaqişə ilə bağlı Moskvaya təzyiq göstərəcək.