AZ

"Azərbaycanın Qəzzada sülhməramlı kontingentin tərkibində iştirak etməsi mümkündür"

"Azərbaycan BMT, ATƏT və digər beynəlxalq qurumlar çərçivəsində sülhməramlı qüvvələrin tərkibində fərqli missiyalarda iştirak edib və belə bir təcrübəyə malikdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qəzzaya sülhməramlı kontingent göndərməsi üçün, Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisin iclasında Konstitusiyanın 95-ci maddəsinə əsasən təqdimat təsdiq olunmalıdır".

Bu fikirləri Redaktor.az-a politoloq Çingiz Şahbazi ABŞ-nin Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş etməsi haqqında yayılan məlumatlardan danışarkən bildirdi.

O vurğuladı ki,  Azərbaycan bu istiqamətdə Kosovada, Əfqanıstanda və İraqda sülhməramlı kontingentin tərkibində iştirak edib.

"BMT mandatı ilə Qəzzaya göndəriləcək sülhməramlı kontingentin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin də olmasını istəyən ABŞ Prezidenti Donald Tramp bunu əlbətdə ki, təcrübə və siyasi baxımdan yanaşaraq təklif edib. Çünki Azərbaycan həm İsraillə, həm də Fələstinlə yaxşı münasibətlərə malik olan çox az ölkələrdən biridir. Bu baxımdan Azərbaycanın Qəzzada sülhün bərqərar olmasına kömək məqsədilə iştirak etməsi mümkündür və bu addım nəinki ABŞ-Azərbaycan münasibətlərinin inkişafında xüsusi rol oynayacaq, həm də bütün dünyaya Azərbaycanı faydalı ölkə olaraq tanıdacaq, ölkəmizin dünyada olan nüfuzunu artıracaqdır".

Siyasi şərhçi qeyd etdi ki, Azərbaycan qlobal təhlükəsizliyin təmin edilməsində hər zaman öndə olub və bu gün də bu missiyanı həyata keçirməyə hazırdır:

"Əlbəttə ki, ABŞ-dən gələn bu çağırışa müsbət cavab vermək həmçinin siyasi baxımdan ABŞ-Azərbaycan münasibətlərinin inkişafında da mühüm rol oynayacaq. Hesab edirəm ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində müsəlman ölkə olaraq daha faydalı görünür. Bu, müsəlman ölkələrinə qarşı münasibətin dəyişməsi baxımından da xeyirlidir və ölkəmizin dinlərarası sabit, etibarlı ölkə olaraq imicini möhkəmləndirir. Bu baxımdan Azərbaycanın Qəzzada sülhməramlı kontingentin tərkibində iştirak etməsi mümkündür və hesab edirəm ki, həmçinin ölkəmiz baxımından faydalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
33
1
redaktor.az

2Mənbələr