Avropa Parlamenti (AP) ilə bağlı qalmaqala səbəb olan məlumat yayılıb. Türkiyə bayrağını cıraraq səs-küy yaradan irqçi keçmiş yunan deputat Yannis Laqos həbs cəzası aldıqdan sonra da AP-dən ödənişlər alıb.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, ifrat sağçı “Qızıl Şəfəq” Partiyasının sabiq üzvü olan Laqos partiyası “cinayətkar təşkilat” elan edildikdən sonra 2020-ci ilin oktyabrında 13 il həbsə məhkum edilib.
Buna baxmayaraq, o, toxunulmazlığından istifadə edərək Brüsselə qaçıb və 2021-ci ilin aprelində toxunulmazlığı ləğv olunana qədər Avropa Parlamentindən 64 min avro illik maaş və 28,9 min avro subsidiya alıb.
“FragDenStaat” platformunun əldə etdiyi sənədlər göstərir ki, AP Laqos Yunanıstanda həbsdə olduğu dövrdə belə ödənişləri davam etdirib. Hətta onun 2020-ci ilin oktyabrında AP-nin hesabına Afinadan Brüsselə uçduğu da ortaya çıxıb.
AP mətbuat katibi Anastasiya Kapodistria məsələ ilə bağlı bildirib ki, deputatlar vəzifələrinin icrası ilə bağlı xərcləri əhatə edən ödənişlər almaq hüququna malikdirlər və parlament ayrıca hallarla bağlı şərh vermir.