AZ

İcra başçısının keçmiş müavininə dələduzluğa görə hökm oxundu: təhsil şöbəsinə müdir təyin etdirəcəkmiş

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2012-ci ilin sentyabrından 2024-cü ilin avqustuna qədər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Vəfa Allahverdiyevaya hökm oxunub.

Bizimyol.info xəbər verir ki, oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə çıxarılan hökmə əsasən, Vəfa Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib. Lakin onun dəymiş ziyanı ödəməsi, zərərçəkmişin ondan şikayətçi olmaması nəzərə alınaraq, onun haqqındakı cinayət işinə xitam verilib.

1978-ci il təvəllüdlü Vəfa Allahverdiyeva Təranə Bağırova adlı qadınla əlbir olub, Gədəbəy sakini Cavanşir Məmmədəliyevi aldadaraq, onun 51 min manat pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, Təranə Bağırova bu işdən başqa daha bir neçə dələduzluq əməlinə görə məhkum edilib. Onun haqqında bundan əvvəlki əməllərinə görə məhkəmələr hökm çıxarıb və 3 il 6 ay azadlıqdan məhrum edilib. Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Təranə Bağırovanın cəzası artırılıb. Onun haqqındakı əvvəlki hökmlər də nəzərə alınmaqla, yekun olaraq, 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama əsasən, Vəfa Allahverdiyeva icra başçısının müavini işlədiyi dövrdə - 2021-ci ildə Cavanşir Məmmədəliyevi rayonun təhsil şöbəsinin müdiri təyin etdirmək adı ilə aldadıb.

Onun haqqında cinayət işi 2024-cü ilin aprelində başlayıb. Həmin vaxt da o, vəzifəsində qalırdı. O, 2024-cü ilin avqustunda vəzifəsindən azad edilib.

İttihamda qeyd olunur ki, Cavanşir Məmmədəliyev pulu Bakıda restoranda Təranə Bağırovaya verib. Həmin görüşdə icra başçısının müavini də iştirak edib.

Təranə Bağırova pul aldığını təsdiqləyib və həmin puldan 10000 manat Vəfa Allahverdiyevaya verdiyini bildirib.

Vəfa Allahverdiyeva isə Təranə Bağırova ilə zərərçəkmişi tanış elədiyini təsdiqləsə də, puldan ona çatmadığını deyib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
bizimyol.info

1Mənbələr