AZ

Rusiya Əliyevin bu qərarından Ermənistana təzyiq vasitəsi kimi istifadə edə bilər...(?)


Qulamhüseyn Əlibəyli: “Moskva çalışacaq ki...”

Məlum olduğu kimi, bu günlərdə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Bakı Rusiya məhsullarının Ermənistana çatdırılmasına icazə verməyə hazırdır:

“İki gün əvvəl Azərbaycan tərəfi bizə Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadə etmək imkanını təsdiqlədi. Bu baxımdan da çox maraqlı irəliləyişlər əldə etmişik. Hazırda Rusiya Dəmir Yolları regiondakı həmkarları ilə birlikdə bu daşımaların təşkili ilə bağlı məsələləri həll edir. Eyni zamanda, bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”.

O da məlumdur ki, Rusiya tərəfi Prezident İlham Əliyevin Qazaxıstan mallarının Ermənistana Azərbaycan üzərindən daşınmasına dair icazə verməsindən sonra belə bir müraciət edib. Yəni indiyə qədər Rusiya mallarını Gürcüstan üzərindən Ermənistana göndərirdisə, indi daha yaxın və rahat yolla Azərbaycan üzərindən bunu həyata keçirməyə çalışır. Təbii ki, bunun hələ nə vaxt baş tutacağı bəlli deyil. Ancaq bu, Ermənistanın da, Rusiyanın da xeyrinə ola bilər.

Maraqlı olan odur ki, Rusiya bundan Ermənistana iqtisadi, siyasi təzyiq rıçaqı kimi istifadə edə bilərmi? Faktiki olaraq Azərbaycan bu işə şərait, imkan yaradır. Ermənistan rahat şəkildə ölkəmiz üzərindən məhsul tranzitini həyata keçirir. O baxımdan ola bilərmi ki, Rusiya bundan Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə eləsin?

“Həm özünün geosiyasi maraqları naminə, həm iqtisadi maraqlarına görə bundan yararlanmaq istəyir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, ümumilikdə Azərbaycanın Ermənistanla bağlı atdığı praktiki addımlar bütövlükdə regionda təhlükəsizliyin təmin olunmasına yönəlib: “Növbəti addımlardan biri də Ermənistana daşınan yüklərin tranzit qaydasında Azərbaycan üzərindən daşınması ilə bağlı oldu. Düzdür, bu təklifə əks reaksiya da gəldi ki, Ermənistan da Azərbaycanla bağlı yüklərin öz ərazisindən birbaşa çatdırılmasına razılıq verə bilər. Ancaq sözügedən məsələ hələ həllini tapmayıb. Hesab edirəm, Azərbaycanın təklifində müəyyən pozitiv məqamlar çoxdur. Yəni bu, regional təhlükəsizlik, iqtisadi inkişaf baxımından müsbət təşəbbüsdür. Gələcəkdə sülh müqaviləsinin bağlanması üçün əlverişli olan bir təklifdir. İlk növbədə Ermənistan üçün əlverişlidir. Eyni zamanda Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi üçün atılan bir addım kimi də qiymətləndirilə bilər. Təbii ki, Rusiya da bu tranzit imkanlarından yararlanmaq istəyir. Həm özünün geosiyasi maraqları naminə, həm iqtisadi maraqlarına görə bundan yararlanmaq istəyir. Rusiya bu təkliflə birinci növbədə öz maraqlarını təmin etmək istəyir. Burada söhbət həm iqtisadi, həm də geosiyasi maraqlardan gedir. Rusiyanın bundan Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə etməsi mümkündür. Çünki Rusiya siyasətinin hər zaman iki başı olur. Bunlardan biri fayda götürmədir. İkincisi isə, xüsusən postsovet ölkələrinə təzyiq göstərməkdir. Ona görə Moskva çalışacaq ki, bundan bir təzyiq vasitəsi kimi istifadə etsin. Çünki Ermənistan iqtisadiyyatı, dəmir yolları, sərhədləri bütövlükdə Rusiyanın nəzarəti altındadır”.

Vidadi ORDAHALLI

Seçilən
41
baki-xeber.com

1Mənbələr