İlham ƏLİYEV: "İşğalçılara döyüş meydanında layiqli cavab veriləcək"
1 noyabr
Erməni əsgəri silahını atıb şərəfsizcəsinə qaçır
Noyabrın 1-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutublar.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki olub.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Düşmənin canlı qüvvəsi və iki artilleriya batareyası məhv edilib
Saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutublar.
Artilleriya bölmələrimizin dəqiq zərbələri ilə düşmənin canlı qüvvəsi və iki artilleriya batareyası məhv edilib.
Dövlət sərhədində yerləşən rayonlarımız atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutublar.
Müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə məruz qalıb.
Erməni əsgərlərindən hərbi qənimət kimi silah-sursat götürülüb
Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi zərərsizləşdirilib.
Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.
Düşmənin hərbi sursatla dolu iki yük maşını məhv edilib
İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi silah-sursat qıtlığı yaranıb.
Buna görə də düşmən sərəncamında olan bütün silah-sursatlardan döyüşlərin getdiyi ən qaynar istiqamətdə istifadə etməyə çalışır.
Axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı düşmənin hərbi sursatla dolu iki yük maşınının daldalandığı yer müəyyənləşdirilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.
2 noyabr
Noyabrın 1-i gün ərzində və səhərə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olub. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənib.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Prezident xalqa müjdəli xəbər verib
Prezident İlham Əliyev özünün "X" hesabında paylaşım edərək xalqa müjdəli xəbər verib:
"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Qazax, Tovuz və Daşkəsən atəşə məruz qalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Zəngilan istiqamətində düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib
Düşmən cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib. Bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iriçaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqeləri atəşə tutulub.
Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.
Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.
Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib.
Tərtər və Goranboy intensiv atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonunun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulub.
Qırmızı Bazar istiqamətində düşmənin qərargahı darmadağın edilib
Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.
Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı darmadağın edilib.
.
Düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə sıradan çıxarılıb
Saat 18:00 radələrində Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləşdirilmiş düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə sıradan çıxarılıb.
3 noyabr
Noyabrın 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, top və minaatanlardan atəşə tutublar.
Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.
Düşmənin taktiki pilotsuz uçuş aparatı məhv edilib
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenidən atəşə tutublar.
Saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə məruz qalıb.
Saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
İlham Əliyev Vladimir Putinlə telefonla danışıb
Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.
Ağdam və Ağcabədidə mülki infrastruktur artilleriya atəşinə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutublar.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb
Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində hücuma keçməyə cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
Xankəndi yaxınlığında düşmənin iki sursat anbarı məhv edilib
Bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edilib.
Düşmənin tank bölmələri döyüş meydanından qaçmağa məcbur olub
Ermənistan silahlı qüvvələri Füzuli şəhərini və ətraf kəndləri "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutublar.
Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur ediblər.
Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.
Müdafiə Nazirliyi düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosüjet yayıb.
Günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin üç ədəd topu məhv edilib.
Motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan məhv edilib
Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.
Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da məhv edilib.
R.BAXŞƏLİYEV,
"Azərbaycan"