AZ

Sonuncu icra başçısının həbsi islahat zərurətini gücləndirdi...


İlqar Hüseynli: “Ümumiyyətlə, rayon icra hakimiyyəti strukturları ləğv edilməlidir”

Məlum olduğu kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Bu əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər vəzifəli şəxs saxlanılıb. Son 6 ildə Azərbaycanda 9 icra başçısı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq saxlanılıb və daha sonra məhkəmə qərarları ilə həbs olunublar.

Musa Şəkiliyev (Qax) - 2024-cü ilin iyununda saxlanılıb, korrupsiya əməllərində ittiham olunur.

Alimpaşa Məmmədov (Şəmkir) - 2021-ci ildə həbs olunub, 11 il 6 ay cəza alsa da, sonradan 10 ilə endirilib.

İsmayıl Vəliyev (Neftçala) - 2020-ci ildə tutulub, 10 il cəza 6 il 2 aya endirilib.

Vilyam Hacıyev (İmişli) - 2020-ci ildə saxlanılıb, 12 il həbs cəzası 8 il 6 aya endirilib.

Mahir Quliyev (Biləsuvar) - 2020-ci ildə həbs olunub, 11 il cəza 8 il 3 aya azaldılıb.

Namiq Zeynalov (Cəlilabad) - 2020-ci ildə həbs olunub, 12 ildən 11 il 9 aya endirilmiş cəza ilə hazırda məhbəsdədir.

Ceyhun Cəfərov (Kürdəmir) - 2020-ci ildə həbs olunub, 2025-ci ildə azadlığa çıxıb.

Qoca Səmədov (Yevlax) - 2019-cu ildə tutulub, 2023-cü ildə azadlığa çıxıb, az sonra vəfat edib.

Nizaməddin Quliyev (Ağstafa) - 2019-cu ildə həbs edilib, 2021-ci ildə koronavirusdan dünyasını dəyişib.

Bütün bunlar icra hakimiyyəti sisteminin ləğvini və onun digər daha səmərəli qurumla əvzlənməsini sürətləndirə bilərmi? Sonuncu həbs bu sahədə islahatların aparılmasını nə dərəcədə zərurətə çevirir?

“Prezidentin xüsusi nümayəndəlik institutu genişləndirilməlidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert İlqar Hüseynli buna bir neçə aspektdən yanaşdı: “Bütün icra hakimiyyəti qurumlarında bu cür əməliyyatlar aparılsa, onların kifayət qədər mülkləri, əmlakları, şadlıq evləri, milyonlarla ölçülə bilən obyektləri üzə çıxacaq. İcra hakimiyyəti başçılarının böyük hissəsi dövlət büdcəsi ilə bağlı istədiyini edir. Xüsusən rayon ərazilərinin abadlaşdırılması ilə bağlı mərkəzi büdcədən vəsaitlər ayrılır. Ayrılan bu vəsaitlərin böyük hissəsi bu və ya digər formada mənimsənilir. Bunların da başında icra başçıları dayanır. Ona görə də məlum həbs qərarı yalnız Baləkən rayon icra başçısı ilə bitmir. Ümumiyyətlə, rayon icra hakimiyyəti strukturları ləğv edilməlidir. Onun bütün strukturlarının başında dayanan insanların hər birinin üzərində axtarış tədbirləri həyata keçirilməlidir. Tədricən biz konstitusion islahatlara getməliyik. İslahatlara gedib yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini tamamilə xalq tərəfindən seçilmiş bələdiyyə qurumlarına vermək lazımdır. Bələdiyyə qurumları seçkili orqan olduğuna görə, öz seçiciləri qarşısında hesabatlı olduğundan bu kimi cinayətlərə əl atmayacaqlar. Ən azından bunun qədər dəhşətli cinayətlərə əl atmayacaqlar. Dövlətin büdcəsini talamayacaqlar. Prezidentin xüsusi nümayəndəlik institutu genişləndirilməlidir. Hələlik bu, yalnız işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərir. Tam olaraq bu sistem bütün ölkə boyu fəaliyyət göstərmir. Müəyyən yerlərdə - 10-20 rayonun ərazisində birləşdirilmiş bir Prezidentin xüsusi nümayəndiliyini qurmaq olar. Hesab edirəm ki, bizə bu tipli islahatlar lazımdır. Yoxsa birini tutub, digərini buraxmaqla uğurlu nəticə əldə etmək mümkün deyil. Bir sözlə, bu məsələlər kökündən konstitusion islahatlarla həll edilməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
52
baki-xeber.com

1Mənbələr