AZ

“Dünyanı məhvə aparan nüvə sınağı: Putin başladıb, Tramp isə…”- MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi verib.

Bəşəriyyəti həyəcanlandıran məlumat dünyanın bütün ölkələrində gərgin müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirib ki, Ağ ev səbəbsiz yerə bu qərara gəlməyib:” ABŞ tam 33 ildir -1992-ci ildən bəri belə sınaq keçirmədiyi üçün əlbəttə ki, Trampın qəfil qərarı böyük müzakirələrə səbəb olub.

Gəlin səbəbləri araşdıraq. Deməli, oktyabrın 26-da Rusiya yeni nəsil strateji silahlarından olan “Poseydon” nüvə enerjili pilotsuz sualtı aparatının (PUA), eyni zamanda “Burevestnik” adlı nüvə enerjili raketini sınaqlarını keçirdi. Barents dənizindəki Novaya Zemlya arxipelaqında….Məlumatı ictimaiyyətə açıqlayan Rusiya prezidenti Vladimir Putin bu hadisəni “böyük nailiyyət” adlandırdı. Fəxrlə dedi ki, “Poseydon” “Sarmat”dan qat-qat daha böyük məhvedici potensiala sahibdir.

– “Sarmat”?

-Bəli, Putin 2022-ci il aprel ayında “Sarmat RS-28” adlı yeni qitələrarası ballistik raketini sınaqdan keçirdiklərini açıqlamışdı və dünyanın hərbi təyinatlı mediaları raketin Rusiyanın ən uzaq nöqtəsindən atılarsa, Londonu 13 dəqiqəyə vura biləcəyini yazırdı.”Şeytan 2” adlandırılan “Sarmat”dan güclü olan “Poseydon” un dağıdıcı potensialını düşünmək belə dəhşət gətirir.

– Yəqin ki, Putinin bu tip açıqlaması rəqibi olan Tramı qıcıqlandırıb…

– Putin təkcə “Paseydon”u deyil, nümayişkaranə şəkildə “Burevestnik”ə də təriflər yağdırıb. O xüsusi olaraq qeyd edib ki, raketin danılmaz üstünlükləri var. Məsələn, reaktorun dəqiqə və saniyə ərzində işə düşməsi, baxmayaraq ki, min dəfə kiçikdir, amma güc baxımından nüvə sualtı qayığının gücü ilə müqayisə edilə bilməsi… “Rusiya bu nailiyyətlə fəxr edə bilər”deyən Putinə anında reaksiyalar göstərildi. Qərb mediası “Burevestnik” raketini kiçik uçan “Çernobıl” adlandıraraq Amerikanın Qızıl Günbəz hava hücumundan müdafiə sistemindən yayınmaq qabiliyyətinə malik olduğunu iddia etdi.

Sınaq zamanı raketin təxminən 15 saat havada qalması və 14 min kilometr məsafə qət etməsi Avropa İttifaqının da kəskin reaksiyasına səbəb oldu. Aİ “Burevestnik” raket sınağını təhdid elan etdi.

-Onda deyə bilərik ki, dünyanı təhlükəsi ilə lərzəyə gətirən nüvə yarışı başlayıb. Artıq Putin ilk addımı atıb, geriyə dönüş və yaxud bu yarışı dayandıracaq bir qüvvə də yoxdur…

– Əlbəttə ki, heç bir ciddi səbəb olmadan Ukraynanı işğal edən Rusiyanın 34 ildən sonra nüvə sınağına başlaması susub keçiləsi bir mövzu deyil. Tramp ilk açıqlamasında Putinə cavab olaraq belə bir fikir də söylədi ki, bizim hər kəsdən daha çox silahımız var. Bu o deməkdir ki, Tramp artıq nüvə silahlanması yarışına qoşulduğunu elan edib. Halbuki 1991-ci ildə Mixail Qorbaçov və Corc Buş arasında bağlanmış bu müqaviləni Putin 29 oktyabrda nüvə sınaqlarına başladığını elan etməklə pozub.

– Sizcə, “cavab atəşi” nə vaxt başlaya bilər?

– Tramp özü dediyi kimi: “Çox tezliklə biləcəksiniz”! Yəni, Trampın idarə mexanizmini bilənlərin “cavab atəşi”nin tez bir zamanda baş verəcəyinə şübhəsi yoxdur.

-Maraqlı məlumatlara görə, təşəkkür edirik …

Əntiqə Rəşid

 

 

 

 

 

 

 

 

Seçilən
22
nocomment.az

1Mənbələr