AZ

Hədəf bəlli, lider bəlli, təşkilat isə... – fürsətcillər “həlledici günü” gözləyiblər

Köhnə hərəkatçıların yadında olar, SSRİ-nin son illərində ölkəmizdə bir siyasi şüar vardı: “Hədəf bəlli, təşkilat bəlli, lider bəlli”.

Hədəf Azərbaycanın Rusiyadan qopub müstəqil dövlət olmasaydı, təşkilat bu hədəfə çatmağı təşkil edəcək AXC idi, lider isə Əbülfəz Elçibəydi.

Həmin siyasi mübarizə dövrünü və bəlli şüarı müasir dövrün konyukturuna inikas etdirmək qüsurlu olsa da, uyğun gələn məqamlar var.

“Mehdiiyev işi”ndə hədəf var – hakimiyyəti ələ almaq, lider var – Mehdiyevin özü. Ancaq ortada təşkilat yoxdur.

Hər halda 17 gündən bəri açıqlanan müvafiq informasiyalarda ölkəmizdə dövlət çevrilişini həyata keçirməyə çalışan strukturlaşmış təşkilat barədə məlumat yayılmayıb.

Yalnız Mehdiyevin Kremlə göndərdiyi məktubda “50 nəfərdən ibarət olacaq Dövlət Şurası”ndan söhbət gedir.

Bu şura isə böyük ehtimalla vaxtilə Ramiz Mehdiyevə loyal olan, onun adamı sayılan sabiq məmurlardan (keçmiş nazirlər, komitə sədrləri, səfirlər, xidmət rəhbərləri, deputatlar və s.) ibarətdir.

Hətta bu sırada orduda xidmətdən uzaqlaşdırılmış generallar da ola bilər.

Dövlət çevrilişi elə bir şeydir ki, onun “uğurla” başa çatdırılması üçün ortada mütləq siyasi, hərbi, ictimai qollara malik olan təşkilat olmalıdır.

Ayrıca götürülmüş güclü siyasi qüvvənin dövlət çevrilişi həyata keçirmək imkanı mininaldır. Çünki nə qədər güclü olsa da, ətrafında böyük xalq kütlələri birləşdirsə də, bir məqamda qarşısında silahlı qüvvələr görəcək. Bu qüvvələr onun tərəfinə keçsə, dövlət çevrilişi baş tutacaq, keçməsə, üsyan darmadağın ediləcək.

Son bir əsrdə müxtəlif ölkələrdə hərbçilər tərəfindən təşkil edilən yüzlərlə dövlət çevrilişinin, demək olar ki, hamısında bir xətt var: mülki hakimiyyətə və ya hərbi diktaturaya qarşı qiyam qaldıran, onları devirən hərbçilər ilkin məqsədlərinə çatandan sonra mütləq dövləti idarə etmək üçün siyasi qüvvələrə müraciət edib, onlarla koalisiyaya giriblər.

Bunsuz olmur. Vaxtilə Çilidə Pinoçet də elə edib, Türkiyədə Kənan Evren də. Çünki dövlət idarəetməsi mürəkkəb məsələdir, xüsusilə də qanunvericilik və məhkəmə hakimiyyətində hansısa polkovnikin şifahi əmrləri ilə dövləti idarə etmək mümkün deyil.

Bu baxımdan həm hakimiyyət çevrilişi etmiş hərbi qüvvələr, həm də eyni işi görmüş siyasi qüvvələr bir-birilə koalasiya qurmağa məcburdur. Siyasətşünaslıqda bu kimi koalisiyalar “xunta rejimi” adlanır.

“Xunta”ların bəlli ölçüdə elektoral bazası, ictimai dəstəyi də olur və bu, onların idarəetmə işini asanlaşdırır. Zatən, xalq kütlələrinin mühüm bir qismi hər zaman “qalib tərəf”in yanında olur, məğlub olanlardan üz döndərir.

Hazırda Mehdiyevə yaxın olan şəxslərin istintaqa cəlb edildiyi, sorğu-sual olunduqdan sonra sərbəst buraxıldıqları barədə qeyri-rəsmi informasiyalar yayılır. Bu, onu göstərir ki, iş gedir, açıq əlaqələr, gizli bağlılıqlar araşdırılır, adamların “Mehdiyev planı”nda nə kimi rol aldıqları öyrənilir.

Bəllidir ki, 20 ilə yaxın dövlətin faktiki olaraq ikinci adamı olmuş, mühüm qərarların qəbulunda rol oynamış, buna görə “boz kardinal” ləqəbi almış Mehdiyev yüzlərlə, minlərlə kadrı dövlət strukturlarına yerləşdirib. Onun böyük tərəfdar korpusuna malik olması şübhəsizdir.

Amma akademik bu tərəfdarlar korpusunu qeyri-rəsmi olsa da, xüsusi bir təşkilatda birləşdiribmi, aralarında iş bölgüsü aparıbmı, özünə sadiq adamların hamısını məlum plana cəlb edibmi – burası hələ bəlli deyil.

Bir dəfə də yazdığımız kimi, güman ki, onların bir çoxu əllərini daşın altına qoymadan, xüsusi bir zəhmət çəkmədən, xarici qüvvələrin hesabına hakimiyyəti götürəcəklərinə ümid edib, hazır kadr bankı olaraq gözləyiblər.

Əgər həmin niyyət necəsə baş tutsaydı, o zaman Mehdiyevin tərəfdarlar korpusunun əsl boyunu görərdik.

1992-ci ilin noyabrında “Səs” qəzetində Yeni Azərbaycan Partiyası adlı siyasi təşkilatın yaranması haqqında bəyannamə dərc olunanda sənədi cəmi 91 adam (əsasən universitet müəllimləri, jurnalistlər) imzalamışdı, 1993-cü ilin 15 iyunundan sonra isə YAP-ın sıralarına minlərlə adam qoşuldu. Ona görə ki, Heydər Əliyev hakimiyyətə gəlmişdi, yeni iqtidar komandasına kadrlar lazım idi, hamı özünü “əliyevçi” kimi təqdim edir, vəzifə alırdı.

Məsələyə bu kontekstdə yanaşsaq, artıq ölkəmizdəki minlərlə “mehdiyevçi” səslərini çıxarmayacaqlar. Onları ifşa etmək də çətindir. Çünki ortalıqda hər hansı bir sənəd, siyahı yoxdur.

Kəmfürsətlər heç vaxt sinələrini qabağa verib açıq mübarizə aparmazlar, hər zaman kölgədə, daldada dayanıb fürsət gözləyərlər.

Bu dəfə olmadı, fürsət əldən çıxdı.

 

Seçilən
30
musavat.com

1Mənbələr