AZ

Cənubi Qafqazın tarixi ilə bağlı nadir kəşf: Kürün sahilində tapıldı - FOTO

BAKI, 1 noyabr. TELEQRAF

Arxeoloqlar Cənubi Qafqazda indiyədək tapılmış yeganə orta əsr döyüş ləvazimatlarını - nadir dəmir dəbilqə və zəncirli zireh aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

“Gürcü arxeoloqlarının komandası Cənubi Qafqazın ən qədim qalalarından biri olan Rustavidə mühüm kəşfə imza atıb. Qalanın altıncı otağında aparılan qazıntılar zamanı IX-X əsrlərə aid, üz qoruyucusu olan dəmir dəbilqə və zəncirli zireh aşkarlanıb. Bu tapıntılar bölgədə bu tipdə məlum olan yeganə nümunələrdir”, - məlumatda deyilir.

Rustavi Muzeyinin direktoru və qazıntıların rəhbəri Nazibrola Paçikaşvili bildirib ki, bu kəşf Gürcüstanın orta əsr hərbi arxeologiyası üçün dönüş nöqtəsidir:

“Biz üz qoruyucusu ilə birlikdə dəmir dəbilqə və yanında bir-biri ilə əlaqəli halqalardan ibarət zəncirli zireh tapdıq. Bu, Gürcüstan üçün misilsiz bir tapıntıdır”.

Mütəxəssislərin fikrincə, tapılan zireh Rustavidə xidmət edən yüksək rütbəli döyüşçü və ya komandirə məxsus olub. Üz qoruyucusu çıxarıla bilən dəmir dəbilqə Bizans və ya digər modellərin təsirini əks etdirən yüksək sənətkarlıq nümunəsidir. Minlərlə bir-birinə bağlı dəmir halqadan ibarət zəncirli zireh isə bölgənin rütubətli torpağına baxmayaraq yaxşı vəziyyətdə qorunub.

2025-ci ilin iyulunda Rustavi meriyasının təşkilatçılığı ilə başlanmış qazıntılar qaladakı IX-XII əsrlərə aid saray kompleksini tədqiq etməyi hədəfləyir. Layihədə arxeoloqlarla yanaşı, universitet tələbələri və könüllülərdən ibarət 100-dən çox insan iştirak edir.

Rustavi qalası Tbilisinin təxminən 25 kilometr cənub-şərqində, Kür çayının sahilində yerləşir və Orta Tunc dövründən bəri məskunlaşma yeri kimi tanınır. Tarixi mənbələr Rustavini qədim İberiya Krallığının ilk şəhər mərkəzlərindən biri kimi qeyd edir, Mtsxeta, Uplistsixe və Urbnisi ilə yanaşı.

Qala ilkin olaraq Tbilisinin cənub-şərq istiqamətini qorumaq üçün inşa edilib, daha sonra V-VIII, IX-XI və XII-XIII əsrlərdə üç əsas bərpa mərhələsi keçib. Qalanın daxili divarlarında hələ də freska fraqmentlərinin qalması onun yalnız müdafiə deyil, həm də mərasim funksiyasına malik olduğunu göstərir.

Seçilən
31
teleqraf.com

1Mənbələr