AZ

Lənkəran rayonunun Osaküçə-Sinovli kənd yolu bərbad vəziyyətdədir - FOTO

Lənkəran rayonunun Osaküçə-Sinovli kənd yolu bərbad vəziyyətdədir. Kəndin gözəl mənzərəsini, təbiətini görmək istəyənlər mütləq gölməçələrdən keçmək məcburiyyətində qalırlar.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, dağlardan axan sel suları yollarda çatlar əmələ gətirib. Sakinlər deyir ki, yola sonuncu dəfə 50 il bundan əvvəl asfalt örtüyü döşənib və bu günə kimi yolda ancaq cari təmir işləri aparılıb. Cari təmir işləri də vətəndaşların öz şəxsi vəsaiti hesabına görülüb. İndi də asfalt örtüyündən əsər-əlamət qalmayıb.

Yolların bu vəziyyətdə olması, təbii ki, ilk növbədə şagirdlərin məktəbə getməsini çətinləşdirir, eləcə də nəqliyyatın hərəkətində problemlər yaradır. Maşınların ehtiyat hissələri tez-tez sıradan çıxır. Marşrutda uzun müddətli intervallar yaranır, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Marşrut sürücüsü Namik İmaməliyev bildirir ki, kəndə 6 reys gedib-gəlir. “Yol bərbad gündə, həm intervala gecikirəm, həm də çatdırmaq olmur. Hər gün maşın dağılır, xarab olur qalır yolda”.

Kənd ziyalısı Bəxtiyar Hüseynov deyir ki, yolların bərbad olması həm kəndin turizm potensialına, həm də sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir. “Bu kənd həm qədimliyinə, həm də təbii sərvətlərinə görə, rayonun digər kəndlərindən fərqlənir. Çünki 3 tərəf dağla əhatə olunub. Dağların başına çıxanda Xəzər dənizi əl ovucu kimi görünür. Biz inanırıq ki, bu yol asfalt olunsa, turist axını bura çox olacaq, camaatın da ünsiyyəti çox olacaq, sosial vəziyyəti da yaxşılaşacaq, sahibkarlıq fəaliyyətinə də burda yer veriləcək”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, Lənkəran rayonu ərazisində yerləşən Sinovlu kəndinə gedən avtomobil yolunun mövcud vəziyyəti və qeyd olunan yolların yenidən qurulması “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilib. Hazırda sözügedən layihələrin icrası məqsədilə müvafiq sənədləşmə və planlaşdırma işləri həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu yolların yenidən qurulması maliyyə vəsaitinin ayrılmasına uyğun olaraq yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, layihənin icrası nəticəsində Separadi-Tükəvilə və Sinovlu kəndlərini birləşdirən yolların keçid qabiliyyəti, təhlükəsizliyi və rahatlığı artırılacaq, əhalinin sosial rifahına və regionun ümumi iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Lənkəran Lənkəran Lənkəran
Seçilən
25
5
apa.az

6Mənbələr