AZ

Qədim türklərin ilkin dövrlərinə aid yeni faktlar tapıldı - FOTO

BAKI, 1 noyabr. TELEQRAF

Qırğızıstan Altay Dövlət və Yusup Balasaqun adına Milli universitetlərin arxeoloqları Çuy bölgəsində üzərinə qadın siması həkk olunmuş daş heykəl kəşf ediblər.

Teleqraf xəbər verir ki, tapıntının türklərin erkən dövrünə (e.ə. VI–VIII əsrlər) aid olduğu düşünülür və Mərkəzi Asiyanın qədim köçəri cəmiyyətlərinin simvolik sənəti və dəfn ənənələri haqqında yeni məlumatlar verir.

Heykəl Borombay arxeoloji kompleksi ərazisində aşkarlanıb. Çuy vadisinin ətəyində yerləşən bu kompleksdə müxtəlif dövrlərə aid onlarla kurqan və ritual tikili mövcuddur.

Fiqur böyük bir daşın üzərində oyulub və üçbuynuzlu baş geyimi taxmış qadını təsvir edir. Bu, erkən türk ikonoqrafiyasına xas motivdir. Qadının sağ əlində tutduğu kasa isə çox zaman qurbanvermə və ya ata-baba ruhlarına ehtiram rəmzi kimi yozulur.

Təsvirin oyulduğu daşın yerli olmadığı, kənardan gətirildiyi bildirilib. Elm adamlarına görə, bu, erkən türk dövrünə aid qadın fiqurunu əks etdirən antropomorf daş heykəlin çox nadir nümunəsidir.

Kəşf Mərkəzi Asiyada məlum olan qadın fiqurlu antropomorf heykəllər sırasına əlavə olunub və qədim türk inanclarında qadınların simvolik və sosial rollarını anlamağa yeni töhfə verir.

Arxeoloqlar qeyd ediblər ki, üçbuynuzlu baş geyimi bəzən səmavi və ya ilahi müdafiənin simvolu kimi yozulur. Bu motivin Monqolustan və Cənubi Sibirdə də oxşar nümunələri var. Bu da Böyük Avrasiya çöllərində türklərin ortaq mədəni dəyərlərinin mövcudluğunu göstərir.

Seçilən
41
teleqraf.com

1Mənbələr