AZ

Kirayə bazarında yeni dövr: Nəzarət kimdə olacaq?

Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Məlumdur ki, kirayə mənzil bazarında 14 faizlik vergi tətbiq olunsa da, vergidən yayınmaq üçün rəsmi qaydada kirayə müqaviləsi imzalayanlar demək olar ki, yox idi. Bəs növbəti ildən bu sistem necə işləyəcək? Gələn ildən kirayə müqavilələri necə tənzimlənəcək?

“14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirir ki, əvvəlki 14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi və vətəndaşlar vergidən yayınırdılar: “Çünki həmin məbləğ ümumi kirayə haqqına əlavə olunduqda ciddi fərq yaranırdı. Məsələn, bir mənzil 600 manata kirayə verilirsə və mülkiyyətçi 14 faiz vergi tələb edirsə, bu, təxminən 84 manat edir. Bu zaman qiymət fərqi tərəflər arasında razılaşmanı çətinləşdirir, nəticədə onlar qeyri-rəsmi razılaşma yolu ilə vergidən yayınmağa üstünlük verirlər. Biz təklif etmişdik ki, bu vergi ən azı iki dəfə azaldılsın. İndi dörd faizlik güzəşt tətbiq olunur. Bu, azalma həm icarəçini, həm də icarə verəni rəsmi şəkildə müqavilə bağlamağa müəyyən qədər təşviq edə bilər”.

“Yüksək vergilər yayınma riskini artırır”

Mütəxəssis bildirir ki, hazırda evlərini kirayə verənlərin təxminən 80 faizi vergidən yayınır: “Bu isə ciddi problemlərə səbəb olur. Münasibətlər rəsmi qaydada tənzimlənmir və tərəflər öz hüquqlarını səmərəli şəkildə müdafiə edə bilmirlər. Məsələn, gələcəkdə hər hansı problem yarandıqda, ortada notarial qaydada təsdiqlənmiş müqavilə olmadığından hüquqi əsas yox olur. İndiki halda tərəflər yalnız “qeyri-rəsmi”, hüququ əsası olmayan müqavilə bağlayırlar ki, bu da hüquqi qüvvəyə malik olmayan sənəddir. Belə müqavilələr çox vaxt vergidən yayınmaq məqsədilə tərtib olunur. Guya burada ödəniş məbləği, əşyalı və ya əşyasız olması göstərilir, amma bunlar formal xarakter daşıyır. Nəticədə kirayəçi və kirayə verən öz hüquqlarını tələb edə bilmir. Bu vergi müəyyən dərəcədə rəsmi qeydiyyatı artıracaq, amma tam şəkildə yox. Faizlərin bir qədər daha aşağı salınması məqsədəuyğundur və bu, vergi öhdəliyinə əməl etmə vərdişini gücləndirə bilər. Vergi dəyişikləri əsasən insanların ödəmə imkanlarını nəzərə almalı, faizləri aşağı səviyyədə saxlamalı, eyni zamanda geniş kütləyə tətbiq edilməlidir. Yüksək vergilər isə vergidən yayınma riskini artırır”.

Seçilən
35
6
publika.az

7Mənbələr