AZ

"Gənc MÜSAİD" sədri: Avrasiya Gənc İş Adamları Forumu investorlar, sahibkarlar və iş dünyası üçün mühüm platformadır

Bakı, 1 noyabr, AZƏRTAC

Avrasiya Gənc İş Adamları Forumu gənc investorlar, sahibkarlar və iş dünyası üçün mühüm platformadır.

Bu gün burada toplaşmağımız sadəcə bir forumun açılışı deyil, Avrasiya Gənclərinin ortaq vizyonunu yenidən müəyyənləşdirmək niyyətidir. Dünyanın iqtisadi tarazlığı yenidən formalaşdıqca, biz bu bölgənin gəncləri olaraq, artıq sadəcə tamaşaçı deyil, yeni dövrün qurucuları olmaq istəyirik. Qlobal iqtisadiyyat artıq mərkəzləşməyib. Kapital, istehsal, innovasiya və ticarət axınları şərqə, cənub-şərqə və bütün Avrasiyaya yönəlib. Bu gün Avrasiya xəritələrdə yalnız birləşdirici xətt deyil, dünyanın yeni istehsal və dəyər kəməridir.

AZƏRTAC xəbər verir ki, bunu "Gənc MÜSAİD" sədri Mağsun Usta Bakıda rəhbərlik etdiyi birliyin təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.

M.Usta qeyd edib ki, Avrasiya bölgəsi təbii sərvətləri ilə yanaşı, insan resursları, xüsusən də gənc sahibkarları ilə yüksəlişdədir: "Bu forum onların potensialının əsl göstəricisidir. Burada bir araya gələn hər bir fikir, əməkdaşlıq, hər bir bölgənin gələcəyində öz izini qoyacaq. Bu gün sərmayə, sadəcə pul deyil, həm də bilik, texnologiya, çeviklik və etibardır. Bir ölkənin və ya sahibkarın gücü artıq onların sahib olduğu aktivlərdə deyil, yarada biləcəkləri tərəfdaşlıqlardadır. Müxtəlif mədəniyyətlərin və fərqli istehsal üsullarının kəsişdiyi bir məkan olaraq əməkdaşlıq artıq seçim deyil, zərurətdir”.

Onun sözlərinə görə, sahibkarlıq bir peşə, sivilizasiya formasıdır: “İstehsal etmək, paylaşmaq və çatdırmaq mədəniyyətimizin təkcə iqtisadi deyil, həm də mənəvi təzahürləridir. Bizi həqiqətən birləşdirən coğrafiya deyil, ortaq bir inam və gələcək hissidir. Bu hiss ticarətlə yanaşı, həm də sülhün, həmrəyliyin və qarşılıqlı etimadın təcəssümüdür”.

Seçilən
30
1
azertag.az

2Mənbələr