Bakıda qadınlardan ibarət Azərbaycan və Özbəkistan şahmat komandaları arasında dünya çempionatına hazırlıq məqsədli və seçmə xarakter daşıyan görüşün açılış mərasimi baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, tədbir hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. Nazir Azərbaycanla Özbəkistanın dost və qardaş ölkələr olduğunu vurğulayıb, bu cür idman tədbirlərinin əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti və yarışın baş hakimi Faiq Həsənov da mərasimdə çıxış edib. O, qarşıdakı görüşlərdə maraqlı və gərgin oyunların şahidi olacaqlarını qeyd edib.
Rəsmi açılışdan sonra ilk rəmzi gedişi Fərid Qayıbov həyata keçirib.
Azərbaycan yığması bu görüşdə aşağıdakı heyətlə çıxış edir: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynovdur.
Qeyd edək ki, qadınlar arasında Dünya çempionatı noyabrın 18–23-də İspaniyanın Linares şəhərində keçiriləcək.