BAKI, 1 noyabr. TELEQRAF
Avstraliyada Birinci Dünya müharibəsində iştirak etmiş iki əsgərin butulkaya qoyularaq suya atılmış məktubu tapılıb.
Teleqraf xəbər verir ki, məktub butulkasını Uorton çimərliyində təmizlik işləri apararkən Felisiti adlı qadın aşkarlayıb.
Məktublar 15 avqust 1916-cı il tarixinə aiddir.
27 yaşlı Malkolm Aleksandr Nevill məktubu "Ballarat" gəmisində Avropaya yola düşərkən yazıb və onu anasına çatdırmağı xahiş edib. Əsgər bildirib ki, vəziyyəti yaxşıdır, gəmidə yeməklər normaldır.
İkinci məktubun müəllifi isə Uilyam Kirk Harli adlı əsgərdir. O, qeyd edib ki, məktubu Aleksandr Nevill ilə birlikdə göndərir.
Felisitinin anası Debora Braun məktub müəllifi Nevillin nəticəsini tapıb. Məlum olub ki, Nevill müharibədən geri qayıtmayıb.
Uilyam Kirk Harli isə sağ-salamat Avstraliyaya qayıdıb, ailə qurub və övlad sahibi olub.
Felisiti butulka və məktubları qoruyacağını bildirib.