AZ

Azəriqazda nə baş verir

Strukturlarda ixtisarlar, müəmmalı attestasiya və narazı işçilər...

Artıq bir neçə aydır ki, Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan müəssisələrdə aparılan ixtisarlarla bağlı şikayətlər ölkə gündəmində daxili siyasət yazılarından sonra ikinci yerə çıxıb. Bu da onu göstərir ki, söhbət artıq sırf müəssisədaxili məsələdən yox, dövlət səviyyəsində ictimai rezonans doğuran prosesdən gedir.

Struktura dəyişikliklər və gizlədilən əmrlər

2025-ci ilin əvvəllərindən SOCAR-a daxil olan “Azəriqaz” İstehsalat Birliyində struktur dəyişikliklərinə start verilib. Lakin bu proses elə ilk gündən müəmmalı qərarlar və qanun pozuntuları ilə müşayiət olunub.

Ən çox sual doğuran məsələ – 13 fevral 2025-ci il tarixli, 14-2/3-1I-41/2025 nömrəli əmrin “dövlət sirri” kimi gizlədilməsidir. Çoxsaylı sorğulara baxmayaraq, “Azəriqaz” rəhbərliyi bu sənədi ictimaiyyətə təqdim etmir.

İkinci attestasiya: qanunsuz, ya məqsədli addım?

İlin əvvəlində artıq bir dəfə attestasiyadan keçmiş işçilər may–iyun aylarında yenidən attestasiya prosesinə cəlb olunublar. Bu isə həm əmək qanunvericiliyinin, həm də Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarının tələblərinə ziddir.

 

Maraqlı məqam odur ki, bəzi işçilər attestasiyada ümumiyyətlə iştirak etmədən qiymətləndirilib və aşağı vəzifələrə endirilib.

 

Məsələn, BRQİD-in çilingəri, qaz sənayesinin fəxri işçisi Əsəd Feyzullazadə bu cür hallardan birinin qurbanı olub.

Qarabağ qaziləri və yaşlı kadrlar da narazıdır

Attestasiyaya Qarabağ müharibəsi iştirakçılarının və yaşlı işçilərin cəlb olunması ictimaiyyətdə xüsusilə mənfi rezonans yaradıb. Daha da müəmmalı məqam – attestasiyaya dair müraciətləri “Azəriqaz” rəhbərliyinin deyil, yeni yaradılmış, hələ hüquqi statusu müəyyənləşməmiş Bakı Regional Qaz İstismar İdarəsinin rəhbəri Zamin Mehrəliyevin cavablandırmasıdır. Bu isə qurum daxilində fikir ayrılıqlarının olduğunu göstərir.

Regionlarda ixtisarlar və cavabsız müraciətlər

Ağsu və Göycay rayon qaz idarələrindən Müstəqil Həmkarlar Birliyinə daxil olan müraciətlərdə bildirilir ki, işçilərin ixtisarına əsas kimi göstərilən attestasiya nəticələri barədə sorğular cavabsız qalır.

Rəsmi bildirişlərdə “ştatın ixtisarı” göstərilsə də, həmin yerlərə yeni şəxslərin işə götürülməsi faktları mövcuddur. Daha da qəribə odur ki, bəzi idarələrdə çilingərlərin yerinə daha yüksək maaşlı mühəndislər təyin olunur və nəticədə fəhlələrin sayı mühəndislərdən az qalır.

Həmkarlar İttifaqı: “Biz yalnız putovka ilə məşğuluq”

İşçilərin ən çox narazı qaldığı məqamlardan biri də, illərlə üzvlük haqqı ödədikləri Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının mövqeyidir.

İttifaqın “Azəriqaz” nümayəndəsi şikayətçilərə sadəcə “Biz yalnız putovka (istirahət göndərişi) məsələlərinə baxırıq” deməklə kifayətlənib. Bu münasibət işçilərdə böyük məyusluq və etimad itkisi yaradıb.

İşçilər Prezident Administrasiyasına üz tutdu

Məlumata görə, Ağsu rayon Qaz İstehsalat İdarəsinin bir qrup işçisi Bakıda Prezident Administrasiyasında qəbulda olub. Onlar bildiriblər ki, əgər problemlər həllini tapmasa, daha genişmiqyaslı aksiya keçirmək niyyətindədirlər.

Dövlət orqanlarına çağırış

Bu baş verənləri sadəcə səriştəsizlik və ya xırda korrupsiya halları kimi qiymətləndirmək çətindir. Məsələyə daha dərindən baxdıqda, prosesin ölkədə sosial narazılıq yaratmaq potensialı da görünür.

Belə bir zamanda vətəndaşların əmək hüquqlarına qarşı ədalətsizliklər daxili düşmənlərin fəaliyyətinə zəmin yarada bilər.

Buna görə də, hüquq-mühafizə və təhlükəsizlik orqanlarını məsələni diqqətlə araşdırmağa, “Azəriqaz” daxilində baş verənləri obyektiv qiymətləndirməyə çağırıram.

Əhməd Rəhmanov

Müstəqil Həmkarlar Birliyinin 

sədr müavini

Seçilən
32
azreform.info

1Mənbələr