AZ

Bosfordakı 200 illik villa rus diplomatının oğulluğuna qaytarıldı

İstanbul məhkəməsi 17 illik məhkəmə çəkişməsindən sonra Bosfor boğazındakı tarixi malikanənin mülkiyyət hüququnun təxminən 160 il əvvəl villanı satın almış Rusiya imperiyasının diplomatının nəslinin nümayəndələrinə verilməsi barədə qərar çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşı Nikolay Sveçin XIX əsrin birinci yarısında tikilmiş binanı və onun ətrafındakı torpaqları fransız ailəsindən satın alıb. Malikanə Rusiya diplomatik missiyasının ofislərindən biri kimi fəaliyyət göstərib. Əmlakın hazırkı dəyəri təxminən 1,5 milyard dollar məbləğində qiymətləndirilir.

Mülkiyyət hüququ haqqında mübahisə Rusiyada 1917-ci il inqilabının baş verməsindən sonra yaranıb. II Nikolayın ölümündən sonra Osmanlı sultanı malikanənin Rusiyaya icarəyə verilməsi haqqında fərman və məhkəmə hökmü verib. Məhkəmə qərarında vurğulanıb ki, əmlak heç vaxt birbaşa Rusiyanınkı kimi qeydiyyata alınmayıb. Lakin 1950-ci ildə aparılan kadastr araşdırması təsdiqləyib ki, mülk əvvəlki kimi Sveçinin adına qeydiyyatda qalıb.

2022-ci ildə aparılan sərhədçəkmə siyahısına görə, Sveçinin üç nəsli mülkü miras almalıdır. Fransanın Genealogiya Tədqiqatları Bürosunun tərtib etdiyi təsdiq edilmiş nəsil ağacına istinadən qəzet qeyd edir ki, Nikolay Sveçin 1815-ci ildə Rusiyada anadan olub, 1903-cü ildə Türkiyədə vəfat edib, onun həyat yoldaşı Yelizaveta Pestel ondan əvvəl dünyasını dəyişib. Diplomatın övladlığa götürdüyü oğlu Didye Lekonte Sveçin 2005-ci ildə vəfat edib. Məhkəmə qərara alıb ki, Didyenin üç övladı mülkün qanuni varisidir.

İddianın tərəfləri arasında Türkiyə Xəzinədarlığı, Vəqflər Baş İdarəsi, Rusiya və diplomatın varisləri olub.

Rusiya və Türkiyə qurumlarının iddiaları mülkiyyət sənədləri, fərmanlar, diplomatik yazışmalar və beynəlxalq hüquq əsasında rədd edilib.

Xatirə SADİQ

Seçilən
24
nocomment.az

1Mənbələr