AZ

Eldar Əzizovdan “xəyanət” açıqlaması: Bakı meri Ramiz Mehdiyevin adını niyə çəkmir?

“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər, hətta xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir”.

Bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Eldar Əzizov paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə səsləndirib.

Əzizovun bəyanatı formal olaraq məmurlara məsuliyyət çağırışı kimi təqdim olunsa da, bəyanatın alt qatında bir sıra siyasi məqamlar diqqət çəkir.

Məsələn, “Yeni Müsavat” qəzeti yazır ki, Eldar Əzizovun bu çıxışı sanki özünü keçmiş dostu və komanda yoldaşı Ramiz Mehdiyevdən uzaq göstərmək cəhdi təsiri bağışlayır. Mənbələrin məlumatına görə, bir zamanlar Əzizov Ramiz Mehdiyevin yaxın və etibarlı çevrəsinə daxil olub. Ekspertlər hesab edirlər ki, bu açıqlama həm də hazırkı siyasi təmizlənmə prosesləri fonunda “gecikmiş qabaqlama” xarakteri daşıyır və Eldar Əzizovun “hədəfə düşmə qorxusundan” irəli gəlir.

Bu xüsusda diqqət çəkən digər vacib məqam BŞİH başçısının belə mühüm açıqlama verərkən ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin adını çəkməməsidir. Əgər Əzizov belə bir ciddi mövzuda bəyanat vermək zərurəti hiss edibsə və “xəstə ambisiyalarla idarə olunan məmurlar”, “xəyanət yolu” ifadələri Ramiz Mehdiyevə aiddirsə, bu zaman sual yaranır: niyə o, açıq şəkildə Mehdiyevin adını çəkmir? Nədənsə ehtiyat edir?

Ekspertlər qeyd edirlər ki, təsərrüfat subyektlərinin rəhbərləri ilə görüşdə tələm-tələsik verilən və ümumi sözlərdən ibarət olan bu bəyanat əslində keçmişlə bağlı məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirilə bilər. Onların fikrincə, bu bəyanat Əzizovun özünü hakim komandanın “yenilənmiş xəttinə” sadiq göstərmək və “köhnə bağlardan” uzaq tutmaq niyyətini nümayiş etdirir.

//Editor.az

Seçilən
25
editor.az

1Mənbələr