AZ

Muzey Mərkəzində “Zəfərin izi” adlı sərgi açılıb

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Zəfərin izi” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, qəhrəman şəhid və qazilərimizin göstərdiyi misilsiz igidliyin, eləcə də xalqımızın milli həmrəyliyinin incəsənət vasitəsilə təcəssüm etdirilməsi məqsədilə təşkil edib.

Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aslan Xəlilov çıxış edərək bildiriblər ki, qazanılan tarixi Qələbə fırça ustalarının da yaratdığı əsərlərdə təcəssüm tapıb. Son beş ildə rəssamlarımız daha çox qələbə əhval-ruhiyyəli əsərlər yaradıblar.

Qeyd edilib ki, bu gün Muzey Mərkəzində sərgilənən əsərlər yaxın gələcəkdə işğaldan azad edilən tarixi torpaqlarımızda nümayiş olunacaq.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

“Zəfərin izi” adlı rəsm sərgisində 38 əsər nümayiş edilib.

Sərginin ekspozisiyasında tanınmış sənətkarlar Arif Hüseynovun “Şahbulaq qalası”, Vüqar Əlinin “Hədəfə doğru”, Mir Azər Abdullayevin “Kədəri sevincə çevirən Azərbaycan əsgəri!”, Fikrət İbrahimlinin “Diriliş”, Tahir Şıxəliyevin “Bir yolumuz var, evə getmək! Yurda qayıdış”, Nazim Məmmədovun “Zəfərin sonu” və gənc rəssamlar Nərmin Abdullayevanın “Zəfər atı”, Fuad Musayevin “Tarixin səsi”, Oksana Kazımovanı “Qələbə küləyi”, Zəhra Bağırlının “Tarix yazanlar”, Aynur Novruzovanın “Qayıdan torpaqların qayıtmayan ogulları”, Lalə Hüseynzadənin "44-Zəfər günü", Emin Aslanovun “Zəfər sənindir, Azərbaycan əsgəri!”, Emin Aslanovun “Biz qalibik” və s. kimi qrafika, rəngkarlıq və plakat janrlarında işlənmiş əsərləri yer alıb.

Sərgidə plakat janrında yaradılmış əsərlərə xüsusi yer ayrılıb və həmin əsərlər həm bədii, həm də ideya məzmunu baxımından sərginin ümumi ruhuna özünəməxsus töhfə verir.

Təqdim olunan əsərlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, ordumuzun şücaətini və azadlıq ruhunu bədii dillə ifadə edir.

Tədbir çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı tələbələrinin iştirakı ilə musiqi və rəqs proqramı təqdim olunub.

Sərgi Muzey Mərkəzində noyabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.

 

Seçilən
34
2
azertag.az

3Mənbələr