AZ

Könül Məmmədova: Almaniyada tanınmış həkimlərimizin öz təcrübələrini bölüşməsi konfransımıza xüsusi rəng qatdı

Auqsburq, 1 noyabr, AZƏRTAC

Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yubiley konfransının keçirilməsi bizim üçün çox sevindiricidir. Ümumiyyətlə, Almaniyada çalışan iki minə yaxın azərbaycanlı həkimlərimizin bir qisminin təşkilatımızın sıralarında birləşməsi bizim üçün çox önəmlidir. Almaniyada çalışan 120-dək həkimin qatıldığı konfransda həm tibb elminin son yeniliklərini müzakirə etdik, eyni zamanda, səmərəli təcrübə mübadiləsi apardıq. Konfransın ən maraqlı tərəflərindən biri də odur ki, Almaniyada Vətən həsrəti çəkən həkimlərimiz, soydaşlarımızla bir araya gələrək xoş dəqiqələr keçirdik və özümü bir an sanki Azərbaycanda təsəvvür etdik. Ümidvaram ki, bütün iştirakçılar bu tədbirdən xoş təəssüratlarla ayrılacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə AMD-nin idarə heyətinin üzvü, həkim mütəxəssis Könül Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.

Konfrans çərçivəsində panel müzakirələri və təqdimatlarda mühüm mövzuların müzakirə olunduğunu qeyd edən həkim bildirib: “Mövzular arasında süni intellektin tibbdə tətbiqi, müxtəlif ölkələrdə tibb təhsilinin müsbət və mənfi tərəfləri, bəzi aktual mövzular, o cümlədən aorta disseksiayaları, aorta anevrizmaları zamanı ilkin tibbi yardım və s. məsələlər müzakirə olundu. Professor Natiq Həsənov kimi Almaniyada uzun illər uğurla fəaliyyət göstərən tanınmış həkimlərimizin öz təcrübələrini bölüşməsi də tədbirimizə əlavə rəng qatdı. Bu baxımdan tədbirin burada iştirak edən həkimlərimizin bilik və təcrübələrinin artırılmasına öz töhfəsini verəcəyinə inanırıq”.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Seçilən
33
1
azertag.az

2Mənbələr