"Artıq bir çox həkim "mədəni reseptlər" tətbiq edir və xəstələrə muzey, konsert və teatr ziyarətini terapiya elementi kimi tövsiyə edir..."
Əgər muzey və ya incəsənət qalereyasına sadəcə mədəni əyləncə kimi baxırsınızsa, bu fikri bir daha nəzərdən keçirmək lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Əsərin sağlamlığa dərhal təsiri
Nəşr yazır ki, Londondakı "King’s College"-in yeni araşdırması göstərir ki, orijinal sənət əsərlərini izləmək dərhal stresi azaldır, ürəyə müsbət təsir göstərir, immuniteti gücləndirir və iltihabi prosesləri azaldır. Maraqlıdır ki, eyni əsərlərin surətlərini adi mühitdə izləyən iştirakçılar belə fayda əldə etməyib. Bu, insan orqanizminə sənətin fizioloji təsirini ətraflı öyrənən ilk tədqiqatdır və nəticələri olduqca təsir edicidir.
Van Qoq və kortizol: incəsənət stresə qarşı
Araşdırmada 18-40 yaş arası 50 könüllü iştirak edib. Onların yarısı məşhur Courtauld qalereyasında Van Qoq, Mane və Qoqenin əsərlərini orijinal formada izləyib, digər yarısı isə həmin əsərlərin dəqiq surətlərini adi, qeyri-muzey mühitində görüb.
İştirakçılar 20 dəqiqəlik seans zamanı ürək döyüntüsü və dərinin temperaturunu davamlı ölçən rəqəmsal sensorlar daşıyıb. Seansdan əvvəl və sonra tüpürcək nümunələri götürülərək hormon dəyişiklikləri analiz edilib.
Nəticələr aydın olub: stress hormonu olan kortizolun səviyyəsi orijinal əsərləri izləyənlərdə orta hesabla 22 faiz, surətləri izləyənlərdə isə cəmi 8 faiz azalıb. Eyni zamanda, orijinal əsərlərə baxanlarda ürəyin ritmi daha dinamik olub ki, bu da sənətin eyni anda həm emosiyalar oyatdığını, həm də stressi azaltdığını göstərir.
Dr. Vuds qeyd edir: "Ən təəccüblü məqam odur ki, sənət bir neçə sistemə- immun, endokrin və vegetativ sinir sisteminə eyni anda təsir edir. Bu, tamamilə unikal və gözlənilməz nəticədir".
İltihabi proseslərin azalması
Stress və xroniki xəstəliklərlə əlaqəli IL-6 və TNF-alfa sitokinlərinin səviyyəsi orijinal əsərləri izləyənlərdə müvafiq olaraq 30 faiz və 28 faiz azalıb. Surətləri izləyənlərdə isə dəyişiklik olmayıb.
Dr. Vuds izah edir: "Kortizol, IL-6 və TNF-alfa kimi hormonlar və iltihab göstəriciləri ürək-damar xəstəlikləri, diabet, həyəcan və depressiya ilə əlaqəlidir. Orijinal sənət əsərlərinə baxmaq bu göstəriciləri azaldırsa, demək, mədəni təcrübə həm bədəni, həm də psixikanı qoruyur".
Araşdırma həmçinin qalereya ziyarətçilərində emosional həyəcan əlamətlərini - dərinin temperaturunun azalması, ürək döyüntüsünün sürətlənməsi və ritmdə dəyişiklikləri qeydə alıb. Bu sənətin yalnız rahatlaşdırmadığını, eyni zamanda stimul verdiyini göstərir - sakitlik və ilhamın unikal qarışığını yaradır.
Hər kəs üçün universal fayda
Tədqiqat iştirakçılarının emosional intellekti əvvəlcədən sorğularla yoxlanılıb və məlum olub ki, bu, orqanizmin reaksiyasına təsir etmir. Yəni sənətin müsbət təsiri, təhsildən, mənşədən və şəxsi həssaslıqdan asılı olmayaraq, hər kəs üçün eynidir.
"Art Fund" fondunun direktoru Ceni Uoldman bildirib: "Bu tədqiqat uzun müddətdir hiss etdiyimiz şeyi elmi olaraq təsdiqləyir: sənət həqiqətən sağlamlığa faydalıdır. Onun üstünlüyü universal olmasıdır. İnsanları muzey və qalereyalara vaxt ayırmağa təşviq etmək istəyirik ki, bu təsiri şəxsi olaraq yaşasınlar".
Araşdırma göstərir ki, orijinal əsərlərə baxmaq internetdə və ya surətdə baxmaqdan fərqlidir - faktura, ölçü, işıqlandırma və qalereya atmosferi unikal təcrübə yaradır.
Sənət və tibb: mədəni reseptlər
Bu araşdırma mədəni və estetik təcrübələrin sağlamlığa təsirini öyrənən tibbdəki geniş meylin bir hissəsidir. Artıq bir çox həkim "mədəni reseptlər" tətbiq edir və xəstələrə muzey, konsert və teatr ziyarətini terapiya elementi kimi tövsiyə edir.
Tədqiqat "King’s College"-in Psixiatriya, Psixologiya və Neyroelm İnstitutunda aparılıb və "Orijinal sənət əsərlərinə baxışın fizioloji təsiri: surətlərlə müqayisəli tədqiqat" adı ilə nəşr olunub. Nəticələr göstərir ki, növbəti dəfə yorğunluq və stress hiss etdikdə, sadəcə muzeyə getmək yetərlidir - bu həm ruhu, həm də bədəni gücləndirir.