AZ

Universitet müəllimlərinin elmi göstəriciləri niyə “gizlədilir”?

Müasir dünyada elmin inkişafı yeni mərhələyə qədəm qoyub. Qlobal rəqabət mühitində elmin standartları daim yenilənir və xüsusilə informasiya texnologiyalarının sürətli inkişafı elmi fəaliyyəti tamamilə yeni müstəviyə çıxarıb. Bu dəyişikliklər elmi potensialın aşkarlanmasına, tədqiqatçıların beynəlxalq elmi məkana inteqrasiyasına, onların elmi nüfuzunun artmasına şərait yaradır. Bəs bizdə? Bizdə vəziyyət necədir? Ümumi vəziyyət qənaətbəxşdirmi? Təəsüflər olsun ki, yox, olduqca acınacaqlıdır. Təəssüf ki, Azərbaycanda bu sahə hələ də sistemsiz şəkildə fəaliyyət göstərir. Bir çox universitet müəllimləri hələ də öz elmi göstəricilərini əl ilə (manual), qeyri-peşəkar formada müxtəlif platformalara əlavə etməyə çalışırlar. Dil baryeri, rəqəmsal savadlılığın zəifliyi, yaşlı nəslin dominantlığı bu prosesi çətinləşdirən əsas səbəblərdəndir.

Universitetlərimizdə elmi fəaliyyətin effektiv idarə olunması və alimlərin beynəlxalq səviyyədə tanıdılması üçün şəffaflıq mütləq şərtdir. Əgər ali təhsil müəssisələri hər bir müəlliminin elmi göstəricilərini — H‑indeks, sitat sayı, Scopus və Google Scholar profilləri, ORCID məlumatları və DOI‑li elmi işlərini — açıq şəkildə paylaşsa, bu yanaşma bir sıra mühüm nəticələr verə bilər.

DOI və ORCID-in əhəmiyyəti

Çox uzaqlara getməyək adi bir nümunə götürək. Bu gün elmi məqalələrin Digital Object Identifier (DOI) ilə qeyd olunması sadəcə texniki detal deyil; bu, məqalələrin avtomatik olaraq beynəlxalq elmi bazalara yerləşməsinə, müəllifin sitat indeksinin artmasına, elmi nəticələrinin izlənməsinə və şəffaf elmi karyera qurmasına imkan yaradan müasir yenilikdir.DOI əsasında məqalələr birbaşa ORCID hesabına ötürülür və tədqiqatçının elmi profili sistemli şəkildə formalaşır.

Bizim reallıq…

Xarici jurnal redaksiyaları, beynəlxalq konfranslar və elmi qurumlar alimlərimizə dəvət göndərməzdən əvvəl tədqiqatçımızın elmi göstəricilərini açıq internet mühitində araşdırırlar. Alimin kimliyi, istinadları, tədqiqat istiqamətləri, ixtisaslaşması — hamısı onun rəqəmsal elmi profilində əks olunmalıdır.Universitetlərin beynəlxalq reytinqləri yüksələr;- Alimlərimizin elmi nüfuzu qlobal səviyyədə tanınar;- Beynəlxalq əməkdaşlıq imkanları genişlənər;- Gənc tədqiqatçılar üçün motivasiya və örnək yaranar;- Elmi ekosistemdə meritokratiyamız güclənər.Biz elmimizi gizlədirik…Elm gizləndikcə inkişaf etmir. Təəssüflər olsun ki, biz ancaq bu üsulu seçmişik.  Elmi fəaliyyət yalnız açıq, rəqabətə dayanıqlı və beynəlxalq elmi standartlara uyğun mühitdə çiçəklənir. Azərbaycanın elmi potensialı böyükdür və bu potensialın dünya elmi məkanında layiqli yer tutması üçün şəffaflıq, rəqəmsal identifikasiya və real elmi nəticələrə əsaslanan qərarvermə sisteminin qurulması qaçılmazdır.

 

 Azərbaycan alimləri rəqəmsal elmi ekosistemdən xəbərdardırmı?

 

Maraqlı bir sual var: bu gün ölkəmizdə fəaliyyət göstərən alimlərin nə qədəri Elsevier-in Mendeley platformasından istifadə edir? Web of Science-ın Publons sistemini tanıyanlar neçə nəfərdir? Bəs PlumX Metrics — yəni bir məqalənin neçə dəfə oxunduğunu, yükləndiyini və real vaxtda aldığı istinadları göstərən sistem haqqında məlumatlı olan alimlərimizin sayı nə qədərdir?Bu sualların cavabı, təəssüf ki, optimist deyil. Axı nə üçün bu qədər mühüm elmi-analitik platformalardan xəbərsizik? Niyə elmi şöbələr və universitetlər bu texnologiyaları müəllimlərə öyrətmək üçün mütəmadi seminarlar təşkil etmir? Niyə hələ də “ənənəvi” və çox zaman formal yanaşma ilə kifayətlənirik, rəqəmsal elmi proseslərə çıxışdan yayınırıq? Universitetlərimiz niyə  həyəcan siqnalı çalmır, yoxsa birbaşa əcəl zənginə hazırlaşırıq? 

 

Biz olanımızı, həqiqəti etiraf etməliyik: elm sahəsində inkişaf etmək, irəliyə addımlamaq yox, yerimizdə qalmaq üçün inanılmaz enerji sərf edirik.

 

Elmi eqoizm və istinad “xəsisliyi”

Daha acı nümunə isə budur: dünya elmi öz yolunu gedir, lakin bizim elmi mühitdə hələ də xoşagəlməz tendensiyalar var — bir-birinin işinə istinaddan çəkinmək.  Sanki başqa bir alimə istinad vermək elmi zəiflikdir. Təəssüf ki, bəzi hallarda şəxsi eqo, subyektiv münasibət və xəstə akademik qısqanclıq elmi obyektivliyin yerini tutur.  Bu gün dünya elmi belə işləyir:“Əgər bir fikri kiminsə demiş olduğu sübut olunursa — bu gücdür, zəiflik yox.” Biz isə hələ də “mən yazım, amma başqasının ideyasına dayaqlanmayım” yanaşmasını “fərdilik” kimi təqdim edirik. Bu isə nə elmdir, nə də tərəqqi. Halbuki illərdir deyirik: “Elm Çində də olsa, get götür.” Elə öz ölkəmizdəki elmi niyə görmürük? Niyə tanımırıq? Niyə tanıtmaqdan çəkinirik?

Elmi göstəricilərin gizlədilməsinin səbəbləri

- Bir çox müəllimin beynəlxalq elmi göstəriciləri aşağıdır;- H-index, Scopus ID, ResearchGate profilləri yoxdur və ya zəifdir;- Beynəlxalq istinadlar kifayət etmir;- Rəqəmsal akademik savadlılıq zəifdir.

Azərbaycan elmi ictimaiyyətində elmi nəticələrin şəffaflığı və rəqəmsallaşdırılması hələ tam təmin olunmayıb. Bəzi hallarda 50 illik elmi fəaliyyətə malik müəllimin profilində bir dənə də olsun beynəlxalq istinad görünmür ki, bu da həm fərdi, həm də sistemli problemin göstəricisidir.

Azərbaycan elminin gücü böyükdür. Lakin bu güc rəqəmsal savad, elmi həmrəyliyə açıq yanaşma və kooperativ akademik mədəniyyət olmadan tam görünməyəcək.Buradan Universitetlərimizə səslənmək istərdim: Əgər biz elmə xidmət etmək istəyiriksə, ilk addım olaraq  rəqəmsal elmi alətləri mənimsəməli,  elmi fəaliyyətimizi dünyada qəbul olunmuş metriklərə uyğunlaşdırmalı, bir-birimizi tanımalı və  bir-birimizin elmi işinə dəyər verməliyik. 

Təkliflərim...

1. Azərbaycan alimləri məqalələrində DOI tələb etməlidirlər;2. Elmi jurnallar DOI sisteminə keçməlidir;3. Elm və Təhsil Nazirliyi yanında “Elmi Məqalə və Sitat Monitorinq Mərkəzi” yaradılmalıdır;4. DOI sistemi olmayan jurnallara texniki və maliyyə dəstəyi göstərilməlidir;5. Elmi nəticələrin beynəlxalq platformalarda görünürlüyü - əlçatanlığı təmin edilməlidir.

Azərbaycan elmi qlobal intellektual məkanın bir parçası olmalıdır. Bunun üçün açıq elmi şəffaflıq, rəqəmsal elmi kimliyin formalaşdırılması, beynəlxalq elmi inteqrasiyanın təmin edilməsi və elmi göstəricilərin gizlədilməsi praktikasına son qoyulması zəruridir. Universitetlərimiz üçün bu,  qlobal elmi məkana birbaşa çıxışdır. Və Universitetlərimiz bunu əsas prioritet istiqamət kimi seçməli, sözdə yox əməldə sübut etməlidrlər. Universitetlərimiz öz elmi professsor heyəti ilə, güclü kadr potensialı ilə dünyada layiqincə təmsil olunmalı, eləcə də buna təşviq siyasətini həyata keçirməlidirlər. Tələbə, mütəxəssis, valideyn, beynəlxalq arena alimimizi, müəllimimizi tanımalıdır. Xarici elmi jurnallar nə üçün bizim alimlərdən CV yaxud qısaca elmi fəaliyyət haqqında arayış tələb etməlidirlər?  Beynəlxalq reytinqlərdə iştirak edən Universitetlərimizin müəllim heyətinin 80 faizdən çoxu elmi sahələrdə tanınmır. Birtəhər, ödənişli yollarla Kolumbiyanın, Kubanın, Meksikanın ESCI jurnallarında statistika xatirinə nəşr olunan və heç bir beynəlxalq göstəricilərə cavab verməyən nəşrlərə çox ciddi nəzarət olunmalıdır.  Növbəti yazımızı da elə bu sahəyə - “humanitar, ictimai elmlərdə dünyanın  Q1 (Scopus) elmi  jurnallarında bir dənə də olsun məqaləmizin olmamasına həsr edəcəyik. Bu çox ciddi məsələdir. Hər il aparılan qeyri – professional statiki hesabatların daxili mexanizmi açılmalı, və ümumi mənzərə şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir. Elm gizlənəndə inkişaf etmir. Şəffaflıq, rəqabətlilik və beynəlxalq görünürlük — müasir akademiyanın əsas şərtidir.

 

Rahil Nəcəf

Seçilən
30
tehsil.biz

1Mənbələr