Zaqatala rayonunun Bəhmətli kəndində millət vəkili Asif Əsgərovun vətəndaş qəbulu keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların qaldırdığı problemlərin həlli istiqamətində müvafiq addımlar atılıb.
Qəbul zamanı vətəndaşlar əsasən yol infrastrukturu, kommunal xidmətlər və elektrik təminatı ilə bağlı məsələlər qaldırıblar. Bir sıra məsələlər yerində həllini tapıb,bəziləri isə millət vəkilinin səlahiyyətləri çərçivəsində aidyatı orqanlara yönləndirilərək nəzarətə götürülüb. Olunmuş müraciətıərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib. Millət vəkili bildirib ki, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşmaq, onların gündəlik qayğılarının həllinə dəstək olmaq əsas prioritetlərdəndir.
Görüşdən sonra Asif Əsgərov Vətən Müharibəsi şəhidimiz Məmmədov Ümidin ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə söhbət zamanı onların qayğı və ehtiyacları ilə maraqlanılıb, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Millət vəkili qeyd edib ki, qəhrəman şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailələrinə hörmət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Sonda şəhid ailəsi və kənd sakinləri göstərilən bu diqqət və qayğıya görə hər bir vətəndaşa daim həssaslıqla yanaşan ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.