AZ

Yekaterinburqda “qanuni oğru” saxlanıldı – “Ded Xasan”ın “bacısı oğlu”nun sonu

Rusiyanın Yekaterinburq şəhərində kriminal aləmdə “Giya Sverdlovski” kimi tanınan “qanuni oğru” Georgi Akoev saxlanılıb.

Musavat.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, o, cinayət iyerarxiyasında “ali mövqe tutmaqda” və kriminal dairələrdə “qanuni oğru” statusuna malik olmaqda ittiham edilir.

İstintaq versiyasına əsasən, Akoev uzun illər Ural regionunda fəaliyyət göstərən cinayətkar şəbəkələrin fəaliyyətinə rəhbərlik edib, “obşak” adlanan ümumi kassaya nəzarət edib və digər qruplar arasında ixtilafların “arbitri” kimi çıxış edib. Onun barəsində Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə – “cinayət iyerarxiyasında ali mövqe tutma” ittihamı ilə cinayət işi açılıb.

WhatsApp

Maraqlıdır ki, Georgi Akoev mediada məşhur “Ded Xasan” ləqəbli Aslan Usoyanın “bacısı oğlu” kimi təqdim olunur. “Ded Xasan (Həsən)” — yəni Aslan Usoyan, keçmiş SSRİ məkanında kriminal aləmin “xaçı atası” sayılırdı və 2013-cü ildə Moskvada snayper atəşi ilə qətlə yetirilmişdi.

WhatsApp

Onun ölümündən sonra “qanuni oğrular” arasında uzun illər davam edən “taxt davası” başladı. Həmin mübarizədə bir çox nüfuzlu şəxslər – “Şakro Molodoy”, “Taro”, “Merab Suzorovski” və başqaları önə çıxdı. İndi isə “Ded Həsən”in yaxın çevrəsinə aid olan Akoevin saxlanılması həmin mübarizənin yeni mərhələsini işarələyir.

Rus mediasının məlumatına görə, Yekaterinburq uzun illərdir Ural mafiyasının mərkəzlərindən biridir. 1990-cı illərdə “Uralmaş” və “Centr” qrupları arasında baş verən qanlı toqquşmalar bu regionu ölkənin ən gərgin kriminal zonasına çevirmişdi. “Giya Sverdlovski” kimi tanınan Akoev də həmin ənənənin davamçısı sayılır, özünü “Ural qanuni oğrular məktəbi”nin yetirməsi kimi təqdim edirdi.

Musavat.com bildirir ki, “Qanuni oğru” – rusca “vor v zakone” anlayışı keçmiş sovet məkanında xüsusi status sayılır. Bu statusu daşıyan şəxslər cinayət “qanunları”na sadiq olmalı, rəsmi hakimiyyətlə əməkdaşlıq etməməli və məhbuslar arasında yüksək nüfuza malik olmalıdırlar. Onlar eyni zamanda cinayətkar aləmdə yaranan ixtilaflara “hakimlik” edir, “obşak” – ümumi kassaya nəzarət edir və gəlirlərin bölüşdürülməsini tənzimləyirlər.

Son illərdə Rusiya hüquq-mühafizə orqanları bu sistemə qarşı geniş kampaniya başladıb. “Qanuni oğru” statusunun özü artıq cinayət sayılır və belə şəxslərə 15 ilə qədər həbs cəzası verilə bilər. Akoevin həbsi də məhz bu yeni qanun çərçivəsində həyata keçirilib.

Ekspertlər hesab edirlər ki, Georgi Akoevin tutulması “Ded Həsən”in irsinin tamamilə dağıldığını göstərir. Onun həbsi, həm də Yekaterinburq və Ural regionunda yeni nizamın formalaşdığını, Rusiya kriminal dünyasının “post-Ded Həsən dövrünə” qədəm qoyduğunu təsdiqləyir.

Hüquq-mühafizə orqanları Akoevin qrupuna daxil olan digər şəxslərin də müəyyən edildiyini, onların axtarışlarının davam etdiyini bildiriblər.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr