Stokholm, 2 noyabr, Nərgiz Cəfərli, АZƏRTAC
Bu gün İsveçin paytaxtı Stokholmda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveç–Azərbaycan Birliyi (SAF) tərəfindən təşkil olunan, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə reallaşan tədbirdə diplomatik nümayəndəliklərin əməkdaşları, həmçinin Azərbaycan və türk icmalarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının və İsveç Krallığının Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İsveç–Azərbaycan Birliyinin sədri Sevda Dadaşova qeyd edib ki, uzun illər işğal altında qalan torpaqlarımız beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, analarımızın duaları və xalqımızın sarsılmaz iradəsi sayəsində azad olunub. “Bu gün dünyada müharibələr, parçalanmalar və zülm davam edir. Biz isə qalib xalq olaraq sülhün, ədalətin və insanlığın tərəfində dayanırıq. Qarabağda tikilən hər ev, hər məktəb, əkilən hər ağac yeni həyatın simvoludur,” – deyə S.Dadaşova vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının Stokholm üzrə nümayəndəsi Ayda Əmir Haşimi çıxışında bildirib ki, biz Zəfər Günündə bir xalqın ancaq qələbəsini deyil, onun sülhə, sevgiyə və yaşama haqqına olan inamını qeyd edirik. 8 Noyabr Azərbaycan xalqı üçün ümid və yenidən var olma günüdür. “Prezident İlham Əliyevin dünyagörüşü, təmkinli və uzaqgörən siyasəti regionda sabitliyin və dialoqun qarantına çevrilib. Biz indi gələcəyə baxırıq — birgəyaşayışa, inkişafa, insanlıq və qarşılıqlı hörmət üzərində qurulan gələcəyə”, - deyə o əlavə edib.
Ölkəmizin İsveçdəki səfirliyinin birinci katibi Əsgər Nağıyev vurğulayıb ki, Zəfər Günü Azərbaycan xalqının gücünü, birliyini və haqq mübarizəsinin təntənəsini simvolizə edən tarixdir. Bu gün biz şəhidlərimizin qəhrəmanlığı sayəsində azad və güclü Azərbaycanın bayrağını qürurla dalğalandırırıq.
Çıxışlardan sonra tədbir musiqi proqramı ilə davam edib. Konsertdə İsveçdə yaşayan pianoçular Aynur Məlikova, Vüsalə Bağırova, tarzən Fərid Xankişiyev və isveçli opera müğənnisi Jacques Radinsonun ifasında Azərbaycan musiqisinin inciləri səsləndirilib. Proqramda Adil Bəbirovun “Skertso”su, Niyazinin “Arzu”su, Vasif Adıgözəlovun “Qərənfil”i və Müslüm Maqomayevin “Azərbaycan” əsərləri yer alıb. “Qarabağ” məktəbinin şagirdlərinin “Uzundərə” və “Şuşanın dağları” rəqsləri tədbirə xüsusi rəng qatıb.