Hazırda erməni ictimaiyyəti Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavabını müzakirə edir.
Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında türklərlə bağlı yaranmış mənfi rəy və münasibətlərin Rusiya tərəfindən, daha dəqiq, KQB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) vasitəsi ilə ortaya atıldığını iddia edib. Rusiya XİN rəsmisi Zaxarova Paşinyanın fikirlərinə cavab olaraq bildirib ki, KQB, Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan təxminən 40 il sonra 1954-cü ildə yaranıb. Rusiya rəsmisi bu sözlərlə Paşinyanın fikirlərinin əsassız olduğunu bildirməyə çalışıb.
Bəs , görəsən, həqiqətə kim daha yaxındır?

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri, tarix elmlər namizədi, dosent Akif Nağı NOCOMMET.az -a danışdı:
– Akif müəllim, bu iki müxtəlif dövlətin rəsmilərinin fikirləri ilə bağlı nə düşünürsünüz?
– Paşinyanın bu açıqlaması onun ümimi siyasətindən, apardığı siyasi xəttindən xəbər verir . Məsələnin mahiyyətinə, kökünə getməyə çalışır. Nə qədər səmimidir, hələ bunu da bilmək olmaz, çünki ermənilər müəyyən məqamlarda, fürsət düşəndə özlərinin həqiqi sifətini, xislətini ortaya çıxarırlar. Amma Paşinyanın yürütdüyü siyasətin bir çox məqamları var ki, onu hardasa düzgün yolda olduğunu düşünmək olar. Bu çıxışında da Türkiyə ilə bağlı problemlərin kökünü araşdırmağa çalışdığı aydın görünür. Ermənilərdən fərqli olaraq Paşinyan “böyük Ermənistan” ideyasında da, uydurma “erməni soyqırımı” iddiasında da onlarla eyni düşüncədə olmadığını dəfələrlə təsdiq edib.
– Siz dəfələrlə qeyd etmisiniz ki, Vatikan , ABŞ, Qərb bu tip ideyaları ermənilərin beyninə qəsdən saldı ki, Azərbaycana , Türkiyəyə qarşı onların əli ilə mübarizə apara bilsinlər.
– Bəli, bəlkə də bu gerçəkliyi anlayan bir neçə ermənidən biridir Paşinyan. O xalqının yaxın qonşularına ədavət prinsiplərini,nifrət hisslərini yüngüləşdirmək istəyir, azaltamağa çalışır. Ortaya fakt qoyur. KQB faktı…
– Axı, Zaxarova bununla razılaşmır…
– Əlbəttə razılaşmayacaq… Çünki özü də bilir ki, xalqların arasında intriqa yaratmaq məsələsi tək KQB-nin işi deyil. Çar Rusiyası hələ 1800-cü illərdə İrandan, Türkiyədən erməniləri Qafqaza köçürəndə, qədim Azərbaycan yurdunu “qədim Ermənistan ərazisi” olduğunu önə sürərək köçəriləri məskunlaşdırmışdı. Etiraz edən yerli əhalini isə silahlandırılmış erməni dəstələri vasitəsi ilə ortadan götürmüşdü. Çar Rusiyası dövründə baş vermiş erməni -azərbaycanlı qırğınlarına diqqət edin. Yəqin ki, oxucularınız 1905-1907-ci il erməni -azərbaycanlı qırğınları haqqında kifayət qədər məlumatlıdır. 1813-1828-ci ildə Qafqaza, o cümlədən Qərbi Azərbaycan , Naxçıvan, Qarabağ və sair bölgələrə köçürülən köçəri haylar yerlərinə tam məskunlaşdıqdan dərhal sonra ərazidə qırğınlar törətməyə başladılar. İlk ən böyük kütləvi qırğın isə 1905-ci ildə törədildi. Həmin ili qarşıdurmada təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdıldı və 10 minə qədər insan həlak oldu. Bəli, o vaxt KQB yox idi, amma Rusiyanın “parçala, hökm et” dövlət siyasəti vardı. Məhz bu siyasətin sayəsində ermənilərdə azərbaycanlılara, habelə türklərə qarşı nifrət, ədavət, intriqa cücərdildi. Bu nifrətin, intriqa və ədavətin nəticəsi idi ki, Dərələyəz mahalının 154 kəndindən 45 kəndi ilk böyük qırğınlar zamanı yerlə- yeksan edildi.
– 1918-ci il azərbaycanlıların soyqırımı da rusların silahlandırdığı ermənilərin sayəsində baş tutdu. Əslində ermənilər heç vaxt nəinki qırğın yaratmaq cəsarətində, heç azərbaycanlılarla ucadan danışmağa cürətləri çatmayıb.
– Hələ 1987- 1994-cü illəri nəzərə alsaq, görün Rusiyanın siyasəti nəticəsində nə qədər azərbaycanlılar ermənilər tərəfindən kütləvi şəkildə öldürülüb, yurd-yuvaları talan olunub, evləri əllərindən alınıb, malları-mülkləri dağıdılıb, işğəncələrə məruz qalıblar. Bir nüansı da qeyd edim, Rusiyanın 366-cı motoatıcı alayı Qarabağda ermənilərin xeyrinə işğalçılığa başlayanda ermənilərin azərbaycanlılara qarşı nifrəti o həddə idi ki, günahsız, silahsız adi vətəndaşlara ağılasığmaz işgəncələr verirdilər. Kişilərin dərisini soymaq, gənc qızlara təcavüz etmək, hamilə qadınların qarnını yararaq bətnindəki körpəni çıxarıb oda atmaq, gənc oğlanları tankın arxasına bağlayaraq yollarda, düzlərdə sürümək, tonqallarda yandırmaq… Maraqlıdır ki, bu üsullardan ermənilər 1905-1907-ci illərin qırğınlarında da istifadə ediblər. İllər dəyişib, erməninin nifrəti dəyişməyib. Çünki bu nifrəti tək KQB ilə bağlamaq səhvdir. Təkcə , kütləvi qırğınlar, soyqırım və faciələr deyil, torpaqların səssiz işğalı da Rusiyanın əli ilə həyata keçirilib. Məsələn, 1918-ci il may ayının 29-da AXC tərəfindən bəyan edilən İrəvan paytaxt olmaqla yaradılan Ermənistan üçün ayrılan torpaq 9 kvadrat km-dir. Hazırda isə Ermənistanın qanuni ərazisi 29.8 kvadratdır. Deməli, 20, 8 kv torpağı Ermənistana “Çar” Rusiyasından sonra meydana çıxan “Sovet” Rusiyası Azərbaycan torpaqlarının hesabına bağışladı.
– Bütün bu faktları təbii ki, Zaxarova da bilir…
– Zaxarovanı cavabı həddindən artıq məntiqsiz, savadsız və səviyyəsizdir. Düzdür, ABŞ da, Qərb də, Vatikan da Rusiya da hər zaman erməniləri “atalıq qayğısı”ilə əhatə ediblər, dəstək olublar, amma Rusiya qədər heç bir ölkə ermənilərə havadarlıq etməyib, türkə, azərbaycanlılara qarşı heç bir ölkə Rusiya qədər nifrət etməyib. Bunun da səbəbi o idi ki, üst-üstə götürsək, Rusiya və Türkiyə 351 il faktiki müharibə vəziyyətində olublar, 69 il bir-biri ilə vuruşublar, bu müharibələrin birini o birindən təxminən 25 il ayırıb.
1995-ci və 2005-ci illərdə saxta “erməni soyqırımı”nı ardıcıl olaraq rəsmən tanıyan Rusiyanın Türkə qarşı məkri yüz illər keçsə də səngiməyib, əksinə hər fürsətdə özünü biruzə verir. Bunu bilən Zaxarova həmişə olduğu kimi , bu mövzuda da öz standartlarından çıxış etdi. Ümumilikdə Paşinyanın məlum çıxışı əslində gözləri nifrətdən tutulmuş ermənilərin gözü qarşısında çıraq yandırmaq amacı daşıyır. Paşinyan yəqin ki, ümidlə gözləyir ki, ermənilərin tutulmuş gözü o xırda işığı hiss edəcək və əsl düşmənini tanıyacaq. Əslində erməninyə haqqı tanıtmaq, gerçəyi göstərmək kiçik iş deyil…
Əntiqə Rəşid