AZ

İlqar Hüseynli: “Zəfər Günü – Azərbaycanın qürur və ləyaqətinin bərpa olunduğu gündür”

Sosial-Strategji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü Azərbaycanın müstəqillik tarixində ən möhtəşəm və unudulmaz səhifələrdən biridir.

Onun sözlərinə görə, bu gün Azərbaycanın qürur və ləyaqətinin, dövlət kimliyinin bərpası, eyni zamanda hərb və döyüş sahəsində nümayiş etdirdiyi gücün rəmzidir:

“Zəfər Günü Azərbaycanın müstəqillik salnaməsində yazılmış ən böyük tarixi gündür. Bu, bizim dövlətimizin və xalqımızın kimliyinin, ləyaqətinin bərpa olunduğu gündür. Həm də Azərbaycanın hərbi gücünü, vətənpərvərlik ruhunu və dünyaya örnək olan döyüş iradəsini göstərdiyi gündür. Zəfər Günü Azərbaycanın dövlət suverenliyinin tam şəkildə bərpa olunmasının rəmzidir. Biz həmin gün BMT və beynəlxalq birliklər səviyyəsində tanınmış sərhədlərimiz daxilində ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdik. Son 200 ildə Azərbaycan bu qədər böyük tarixi qələbə qazanmamışdı.”

QHT sədri vurğulayıb ki, bu gün Azərbaycan gənclərinin və övladlarının qürur və ləyaqət günüdür və bütün xalq bu günü fəxrlə qeyd etməlidir. O, həmçinin Qarabağa qayıdış konsepsiyası və bölgədə yenidənqurma, təhsil və səhiyyə sisteminin mükəmməl şəkildə qurulması istiqamətində QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib:

“Qeyri-hökumət təşkilatları dayanmadan çalışmalı, vətəndaş cəmiyyəti bu prosesdə fəal iştirak etməlidir. Biz Qarabağı qurmalıyıq, onu tam bərpa etməliyik ki, bütün dünya Azərbaycanın bu torpaqlara göstərdiyi diqqət və sevgini görsün. Ermənistanın dağıdıcı münasibətindən fərqli olaraq, Azərbaycan bərpaedici və qurucu dövlət kimi nümunə göstərməlidir.”

İlqar Hüseynli sonda bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
35
qht.az

1Mənbələr