AZ

Əhməd əl-Şaraa Trampla nələri müzakirə edəcək?

Suriya Prezidenti Əhməd əl-Şaraa bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul ediləcək Əhməd əl-Şaraa Ağ Evi ziyarət edən ilk Suriya Prezidenti olacaq. 

İndiyə qədər heç bir ABŞ prezidenti Vaşinqtonda Suriya prezidentini qəbul etməyib. Səfərdə Prezident Əhməd əl-Şaranı xarici işlər naziri Əsəd əl-Şeybani müşayiət edir.

Donald Tramp və Əhməd əl-Şaranın Suriyanın müharibədən sonrakı yenidənqurma prosesini, xarici investisiyalar və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edəcəkləri bildirilir.

Eyni zamanda, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi və ya yumşaldılması, Suriyada qalan İŞİD-lə mübarizə üçün birgə səylərin gücləndirilməsi, Suriyadakı müxtəlif silahlı qrupların mərkəzi hökumətə inteqrasiyası və ordunun vahid komandanlıq altında birləşdirilməsi məsələləri də prezidentlərin aparacağı danışıqların gündəliyinə daxildir.

Xüsusilə, Suriya Demokratik Qüvvələri adlanan terror təşkilatının Dəməşq administrasiyasına inteqrasiyası, Suriyanın ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyada iştirakı, İsraillə münasibətlər və bu ölkə ilə müdafiə əməkdaşlıq  prioritet məsələlər sırasında yer aldığı bildirilir. 

Qeyd edək ki, ABŞ administrasiyası Əhməd əl-Şaranın Ağ Evə gəlişinə diqqətlə hazırlaşıb və müxtəlif müsbət addımlar atıb.

Həqiqətən də Donald Tramp administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edilmiş qətnamə layihəsi vasitəsilə həm Əhməd əl-Şaraya, həm də Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvini təmin edib.

Əhməd əl-Şaraa və Ənəs Xəttab 2014-cü ildən bəri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının “Əl-Qaidə” və İŞİD-lə bağlı sanksiya siyahısına daxil idilər.

Qətnamə, Rusiya da daxil olmaqla, BMT TŞ-nin 14 üzvünün təsdiqi ilə qəbul edilmiş, Çin isə bitərəf qalmışdı. Sanksiyaların ləğvi Əhməd əl-Şaraya Ağ Evə səfər etməyə imkan yaradıb.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr