AZ

Bayram bitdi, bahalaşma bitmədi: Əti “əlçatmaz” edən şok səbəblər

Artıq ölkəmizdə çoxdan belə bir tendesiya var ki, bayram gəlməmişdən 2-3 gün əvvəl bütün ərzaq və gündəlik tələbat mallarında qiymət artımı olur.

Bayram günü keçib gedəndən sonra yalnız iribuynuzlu və xırdabuynuzlu heyvanların ətindən başqa digər məhsulların qiymətləri qismən əvvəlki həddinə qayıdır.

Niyə ət məhsullarının qiyməti günü -gündən qalxır?

Qiymət soruşduğumuz ət satılan mağazaların sahibləri deyir ki, 2023-cü ildə qoyun ətinin 1 kq 15-16 manat idisə, 2024-cü ilin sonuna yaxınlaşanda bu bəzi bazarlarda 19, bəzilərində 20 manat oldu. Yeni il bayramı ərəfəsində ətin qiyməti bir daha qalxdı, yeni ildə -2025-ci ildə isə ətin kq 22- 23 manat oldu. O bayramdan sonra bir neçə bayram da qeyd elədik, amma ətin qiymətində geri dönüş olmadı”.

Payızın bu soyuq nəfəsli günlərində mal əti də qoyun ətinin qiymətinə çatıb, yəni, təxminən 1-2 manat fərq var. Əvvəl 19-20 manata satılan sümüksüz mal əti indi 21 manata qədər bahalaşıb. Sümüklü mal əti isə 19 manatdır. Axı niyə belə? deyəndə də satıcılar, danaların azlığını səbəbi göstərir. Ən pisi də odur ki, qida üzrə mütəxəssislər, iqtisadçı ekspertlər bu gedişlə 2026-cı ildə qoyun ətinin 30 manata qədər artacağının proqnozunu verirlər.

Yəqin ki, bilirsiniz, Azərbaycan əti ən çox Gürcüstan, Ukrayna, Hindistan, kiçik bir hissəsini isə Rusiyadan idxal edir. Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Ucuz, 12 manata…Amma yenə də bahacılıqdır.

Dövlət Gömrük Komitəsi oktyabr ayının sonlarına yaxın açıqlama verdi ki, bu ilin ilk 9 ayında Azərbaycana 75,8 milyon dollar (128,8 milyon manat) həcmində 33 min 321 ton ət idxal edilib. Komitə onu da vurğulayıb ki, həmin ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 87 qəpik təşkil edib:” 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 71 qəpik idi. Bu da illik müqayisə ilə 16 qəpik və ya 4,3% bahalaşma deməkdir”.

Ətin qiymət artımına səbəb olan başqa variantlar da mövcuddur

Xüsusən, göstərilən ən böyük səbəb Azərbaycanın kənd təsərrüfatı sahəsində bir çox problemlərin dərinləşməsi, bahalaşma, təsərrüfatlar arasında zəncirvri əlaqənin qırılmasıdır. Mütəxəssislərə görə, maldarlığı bölgələrdə məhdudlaşdıran əsas amillərdən biri yem və yem bitkiləridir.

Yəni arpanın, yoncanın qiyməti artdıqca, ətin də qiyməti yüksələcək:”Qiymətli bitkilərin, yetişdirilməsi üçün sahələrin artırılmasına yönəlmiş siyasət qoyunçuluq sektoru üçün iki ciddi problemə səbəb olur: Birincisi, böyük qoyun populyasiyası üçün əhəmiyyətli yem bitkiləri mənbəyi olan otlaq sahələrinin azalması və ikincisi, gələcək kommersiya təsərrüfatlarının intensiv qoyunçuluq üçün yem bitkilərinin becərilməsi üçün yüksək keyfiyyətli əkin torpaqlarına məhdud çıxış əldə edilməsi”.

Bəli, kənd təsərrüfatında zərrə qədər inkişaf yoxdur. Kəndlilərin böyük əksəriyyəti kəndi ataraq paytaxt küçələrində iş axtarmaq hayına düşüblər. Kəndlər işçi qüvvəsini demək olar ki itirmək üzrədir. Buna səbəb lazımı qədər otlaq sahələrinin olmaması, ot- yem tədarükünün kifayət qədər saxlanmaması və bahalaşması, bir də su problemləri və diğər əngəllər kəndlini kənddən , təsərrüfatdan perik salıb.

Digər bir səbəb kimi, ət istehsalı zəif olan bir ölkədə ət məhsullarına böyük tələbatın olmasıdır.

Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda 2 672 990 baş iribuynuzlu, 8 454 308 baş xırdabuynuzlu heyvan olduğunu elan edir, amma göründüyü kimi bu rəqəm də bahalaşmanı əngəlləməkdə acizdir.
Daha bir səbəb isə Ukrayna müharibəsidir. Ölkəmizə ət ixrac edən Ukrayna müharibədən əvvəlki kimi alış-satışda aktiv deyil.

Ət bahalaşmasının səbəblərindən biri kimi də, ölkədən xaricə ət məhsullarının satışıdır. Dövlət Gömrük Komitəsində deyilir: “Eyni zamanda cari ilin ilk 7 ayında Azərbaycandan 773 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 430 min ABŞ dolları və ya 2,2 dəfə çoxdur”.

Onu da xatırladaq ki, 2024-cü ilin iyulunda Bakıda “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalandı. Həmin müqaviləyə əsasən Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət hissələri ixrac edəcək. Məsələn, 2023-cü ildə kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov “Kaspi”yə açıqlamasında vurğulamışdı ki, ərəb ölkələrinə, Dubaya ət ixrac edirik. Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərəb ölkələrinə ixrac edilir”.

Ümumiyyətlə, iqtisadiyyat üzrə ekspertlər hələ 2016-cı ildən, ərəb şeyxlərinin Azərbaycandan ət aldığını deyir və bunun müqabilində yerli əhali dondurulmuş ətlərə möhtac qala biləcəyini istisna etmirlər.

Əntiqə Rəşid

Seçilən
60
nocomment.az

1Mənbələr