AZ

Azərbaycanda ət niyə kəskin ucuzlaşdı? Səbəb açıqlandı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ətin ucuzlaşması ilə bağlı xəbərlər yayılıb. Son günlər ətin qiymətinin kəskin artması fonunda anidən ucuzlaşma birmənalı qarşılanmayıb. Satıcıların sözlərinə görə, iri və xırdabuynuzlu heyvan ətində orta hesabla 1–3 manat ucuzlaşma müşahidə olunur.

Ətin ucuzlaşmasının səbəbi nədir? Bazara keyfiyyətsiz ət çıxa bilərmi? Əhali nəyə diqqət etməlidir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, dabaq xəstəliyinin yayılması ət qiymətlərinə təsirsiz ötüşməyəcəkdi:

“Bu vəziyyət qiymətlərə təsir baxımından qarşı-qarşıya iki vektorial təzyiqə işarə idi. Təzyiqlərdən biri ondan ibarətdir ki, sahibkarlar xəstəliyin yayılması səbəbindən əti bazara çıxara bilmir, bəzi bazarlar bağlanır. Eyni zamanda, kəsim üçün nəzərdə tutulan heyvanların bir hissəsi xəstələndiyi üçün ümumi istehsal azalır. İstehsalın azalması isə təklifin azalmasına, bu da öz növbəsində qiymətlərin bahalaşmasına təkan verir.

Digər tərəfdən isə əks istiqamətli təsir mövcuddur. Belə ki, xaricdən ucuz qırmızı ət, o cümlədən iri və xırdabuynuzlu heyvan ətinin idxalı artır. Bu məhsullar bazara daha aşağı qiymətlə daxil olur. Üstəlik, əvvəllər qırmızı ət alan alıcıların bir hissəsi artıq ağ ət – toyuq, qaz, ördək və balıq ətinə üstünlük verir. Nəticədə yerli ətə tələbat azalır və bu da qiymətlərin enməsinə səbəb olur.

Akif Nəsirli

Xəstəlik yayılmağa başlayanda bildirmişdik ki, bu iki təzyiqdən hansı daha güclü olarsa, qiymətlərin istiqaməti də ona uyğun formalaşacaq. Hazırda ətin ucuzlaşması onu göstərir ki, qiymətlərin azalmasına yönəlmiş təzyiq daha güclüdür. Yəni alıcıların böyük əksəriyyəti artıq yerli qırmızı ət almaqdan imtina edərək idxal və ya ağ ətə yönəlib. Bu isə satış dövriyyəsinin azalmasına və sahibkarların qiymətləri endirməyə məcbur qalmasına gətirib çıxarır”.

İqtisadçı qeyd edib ki, bu vəziyyətin uzunmüddətli dövrdə mənfi təsirləri mümkündür:

“Belə ki, yerli istehsalçılar azalan satış həcmləri səbəbindən müflisləşə bilər. Bu halda ölkə daha çox xaricdən ət idxalından asılı vəziyyətə düşəcək, daxili istehsal zəifləyəcək. Nəticədə həm xarici bazarlardan asılılıq artacaq, həm də valyuta axını ölkədən çıxacaq.

Qısamüddətli dövrdə bu proses alıcıların xeyrinə olsa da, uzunmüddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinə mənfi təsir göstərə bilər”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
globalinfo.az

1Mənbələr