Yaxşı futbol sərgiləməsinə rəğmən, son vaxtlar qələbə qazana bilməyən "Zaqatala" 1-ci Liqanın 7-ci turunda səfərdə "Difai"ni yenərək "qara zolaq"dan çıxdı. Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb psixoloji baxımdan xüsusi önəm daşıyan zəfər barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Maliyyə çatışmazlığı üzündən uzaq səfər qarşılaşmalarına oyun günü yollanmaq məcburiyyətindəyik. Düzü, heç istədiyimiz vaxtda çata da bilmədik. İsinmə hərəkətlərinə güclə imkan atpdıq. Bilirdik ki, rəqib əvvəlki iki oyunda qalib gəlib. Bizim durumumuz isə nəticələr baxımından həqiqətən ürəkaçan deyildi. Əlbəttə ki, 5 saat yol gələndən sonra oynamaq asan deyildi. Uşaqlar sağ olsunlar ki, xarakter göstərdilər. Son anda müəyyən dəyişikliklər etdik. 100 faiz alındıra bilməsək də, 60-70 faiz planlaşdırdığımız kimi oynadıq. İlk hissədə daha yaxşı təsir bağışladıq. İkinci yarıda yol yorğunluğu sözünü dedi. Belədə, 0:1 hesabı ilə geridə lan rəqibin təzyiqi artırması da başadüşüləndir. Bütün hallarda, onların üstün tərəflərindən faydalanmasına imkan verməməyə çalışdıq. Düzdür, sona yaxın qol da buraxdıq, amma qələbə qazanmaq çox xoş oldu. Bu qələbə toparlanmaq baxımından çox önəmli idi".
Nihat