AZ

Qaz itir, yoxsa vətəndaş aldadılır? - Narazılıq » AzadMedia.az


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı ciddi suallar qaldırıb. Onun sözlərinə görə, SOCAR-ın tabeliyində olan qurumun 2025-ci ilin ilk on ayı üzrə açıqladığı göstəricilər cəmiyyət üçün düşündürücüdür: 602 milyon 386 min 360 kubmetr qaz “itkiyə” gedib.

Ən çox itki verən regionlar arasında Sumqayıt (84 milyon m³), Lənkəran (38 milyon m³) və Ağsu (34 milyon m³) RQİİ-ləri yer alır. Halbuki, bu rəqəmlər bir neçə rayonun ümumi illik istehlakına bərabərdir. Maraqlıdır, bu qədər qaz hara və necə “itə” bilər?

Mirvari Qəhrəmanlı hesab edir ki, qaz itkisi ilə bağlı məlumatlar müstəqil şəkildə araşdırılmalıdır. Onun fikrincə, yalnız “Azəriqaz”ın daxili hesabatlarına əsaslanmaq obyektiv mənzərə yaratmır:

“Qaz itkisi adı altında milyonlarla kubmetr qazın taleyi müəmmalı qalır. Əgər itki realdırsa, səbəbi texniki çatışmazlıqlardırmı, yoxsa idarəetmədə səriştəsizlik var? Yox, əgər bu ‘itkilər’ rəqəmlərlə manipulyasiyadırsa, o zaman məsuliyyət daha ağırdır.”

Vətəndaşların narazılığı isə təkcə statistik rəqəmlərlə bitmir. Son aylarda sosial şəbəkələrdə və şikayət platformalarında abonentlərin evdə olmadıqları halda qaz sayğaclarının “məcburi dəyişdirilməsi” barədə çoxsaylı yazılar yayılıb.

Bəzi vətəndaşlar bildirirlər ki, “Azəriqaz” əməkdaşları xəbərdarlıq etmədən, razılıq alınmadan sayğacları dəyişir, daha sonra isə yeni cihazların göstərdiyi sərfiyyat əvvəlkindən daha çox olur. Hüquq müdafiəçisi bu addımı istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir:

“Heç bir qurum vətəndaşın icazəsi olmadan onun evindəki sayğacı dəyişə bilməz. Bu həm konstitusion hüquqların, həm də istehlakçı qanunvericiliyinin pozulmasıdır.”

Belə vəziyyətdə sual yaranır: qaz doğrudanmı itir, yoxsa itki adlandırılan bu rəqəmlər vətəndaşların hesabına “ört-basdır” edilir?

Cəmiyyət bu məsələdə şəffaflıq və müstəqil araşdırma tələb edir. Çünki enerji resursu strateji sahədir, onun hər kubmetri həm dövlətin, həm də xalqın cibindən çıxır.
Seçilən
17
1
azadmedia.az

2Mənbələr