AZ

Bakını duman bürüdü: SƏBƏB

Bu gün səhər saatlarından etibarən paytaxt Bakını qalın duman təbəqəsi bürüyüb.

“Yeni Sabah” xəbər verir ki, şəhərin bir çox rayonlarında, xüsusən də mərkəzi və sahilyanı ərazilərdə görünüş məsafəsi xeyli azalıb. Bununla yanaşı, şəhər sakinləri havada yayılan kəskin, xoşagəlməz qoxudan da narazılıqlarını ifadə ediblər.

Paytaxtın müxtəlif istiqamətlərindən “pis qoxu gəlir”, “nəfəs almaq çətindir”, “hava tüstü ilə doludur” kimi şikayətlər daxil olub. Xüsusilə Nizami, Binəqədi və Yasamal rayonlarında yaşayan sakinlər bu vəziyyətin narahatlıq yaratdığını bildiriblər.

Məsələ ilə bağlı Musavat.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Milli Hidrometeorologiya Xidmətinə müraciət edib. Qurumdan bildirilib ki, dumanın müşahidə olunması ilə bağlı öncədən xəbərdarlıq edilib.

Lakin havada hiss edilən pis qoxu ilə bağlı quruma hər hansı rəsmi məlumat daxil olmayıb.

Qeyd edək ki, payız-qış mövsümündə xüsusilə temperatur inversiyası adlanan təbiət hadisəsi zamanı atmosferin aşağı qatında çirklənmiş hava yuxarı qalxa bilmir, bu da şəhər mühitində duman, tüstü və müxtəlif qoxuların toplanmasına gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət avtomobil qazlarının, sənaye tullantılarının və məişət tullantılarının təsirini daha da artırır.

Hazırda Bakıda küləksiz hava şəraiti davam edir. Əgər gün ərzində külək əsərsə, duman və qoxunun yayılması ehtimalı azalacaq.


Telegram kanalımız
Seçilən
11
5
yenisabah.az

6Mənbələr